Çingiz Abdullayev öyrədilmiş adamlardan danışdı

6-10-2015, 22:21
301

Çingiz Abdullayev öyrədilmiş adamlardan danışdı
"Neftçi" klubunun icraçı direktoru Elnur Məmmədov ötən gün azarkeşlərlə görüşüb.

Bu barədə klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev açıqlama verib.

O, bildirib ki, görüş təxminən 5 saatadək davam edib. Ç.Abdullayev bu açıqlamanı görüş davam etdiyi vaxt verdiyindən, nəticədən hələ xəbərsiz olduğunu söyləyib. Müşahidə Şurasının sədri azarkeşlər arasında kənardan öyrədilmiş şəxslərin olduğuna inanmadığını da əlavə edib: "Azarkeşlərin narazılıqları təbiidir. Biz də bəzi şeyləri bilirik. Hazırda bu məsələnin həlli üzərində düşünürük. İnanmıram ki, onların arasında öyrədilmiş şəxslər olsun".

Müşahidə Şurasının sədri azarkeşləri anlayışlı olmağa çağırıb: "Tərəfdarlarımız başa düşməlidirlər ki, biz bu komandanı qururuq. Tam yeni kollektiv yaradırıq. Demişik ki, yavaş-yavaş yuxarı səviyyəyə qaldıracağıq. "Neftçi" həmişə birinci yerdə olmalıdır. İnanıram ki, belə də olacaq".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının VII turunda "Zirə"yə 0:2 hesabı ilə uduzub. Flaqman hazırda 9 xalla 5-ci pillədədir.

   //Report