Ankarada terror aktında ölənlərin sayı 99 oldu

15-10-2015, 12:44
229

Ankarada terror aktında ölənlərin sayı 99 oldu
Türkiyənin paytaxtı Ankarada oktyabrın 10-da törədilən partlayış nəticəsində ölənlərin sayı 99-a çatıb. Partlayışdan sonra baş qaldıran etiraz aksiyaları ötən gün də davam edib. İstanbul şəhərində separatçı kürdlərin dəstəklədiyi Xalqların Demokratik Partiyası (HDP) tərəfdarları axşam saatlarına qədər oturaq aksiya keçiriblər. Fəallar əllərində terror qurbanlarının fotoşəkilləri ilə hökumətə qarşı çıxışlar ediblər.

Xalqların Demokratik Partiyasının həmsədri Səlahəddin Dəmirtaş terrorda dövlətin əlinin olduğunu iddia edib.

"İstintaq davam etdikcə bu daha çox bəlli olacaq. Bir şərtlə ki, istintaq ədalətli olsun. Biz dövlətlə düşmənlik etdiyimiz üçün yox, dövlətin təmizlənməsi, demokratikəşməsi üçün bunu deyirik. Dövlət bariz formada İŞİD-dən təzyiq aləti kimi istifadə edir. Belə bir siyasət yürüdürlər. İŞİD İslamın da, insanların da, ölkəmizin də başına gələn ən böyük bəlalardan biridir. İslamla da heç bir əlaqəsi yoxdur.”

"Euronews" telekanlının məlumatına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu terror aktı planının həm İŞİD, həm də PKK qruplaşması tərəfindən hazırlanmış ola biləcəyini deyib.

Əhməd Davudoğlu: "İstintaq araşdırmasını daha da dərinləşdirir, şübhəlilərin tvitter səhifələrinə və IP (AyPi) ünvanlarına baxırıq. Terrorun təşkilində hər iki qruplaşmanın əli olduğuna dair nəticələr əldə etmişik”

Davudoğlu bildirib ki, hökumət PKK-nı dəstəkləyən qruplara xaricdən dəstək olunmasına qarşı səbrli davranmayacaq. Davudoğlu mitinqlər zamanı insanların terror təhlükəsindən müdafiə olunması üçün hökumətin yeni təhlükəsizlik konsepsiyası təqdim edəcəyini də deyib.

Oktyabrın 10-da günorta saatlarında Türkiyənin paytaxtı Ankarada çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Terror hadisəsinin həmkarlar ittifaqları konfederasiyasının təşkil etdiyi mitinq sahəsində baş verdiyindən insan tələfatının həcmi böyük olub. İlkin məlumatda 47 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilsə də, Baş Nazirlik Kordinasiya mərkəzi gecə saatlarında ölü sayının 97, yaralı sayının 245 olduğunu açıqlamışdı.

Türkiyədə 3 günlük milli yas elan olunmuş və ölkədəki bütün bayraqlar yarıya endirilmişdi.

Baş verənlərin Türkiyədə Cümhuriyyət tarixinin ən qanlı terror hadisəsi olduğu bildirilib.

   //ANS Press