Belçika terrorunda ölənlərin sayı çoxaldı

29-03-2016, 15:09
355

Belçika terrorunda ölənlərin sayı çoxaldıÖtən həftə Belçikanın paytaxtı Brüsseldə törədilən ardıcıl 3 terror hadisəsində ölənlərin sayı çoxalıb. Bu barədə Belçikanın səhiyyə naziri Maqqie de Blok sosial şəbəkədəki səhifəsində məlumat yayıb. Nazir de Blok teraktda yaralanaraq xəstəxanaya çatdırılan daha 4 nəfərin dünyasını dəyişdiyini bildirib.

Bununla da terror hadisələri vaxtı ölənlərin sayı 3 kamikadze xaric 35 oldu. Həkimlərin yaralıları xilas etmək üçün əllərindən gələni elədiyini bildirən nazir ölənlərin qohumlarına mətanətli olmağı arzulayıb.  

Bundan başqa ötən gün terrorla əlaqəsi olduğu üçün Belçika polisi tərtəfindən saxlanılan 4 nəfərdən 3-nün həbs edildiyi, 1 nəfərin isə azadlığa buraxıldığı bildirilib. Belçika Federal Prokurorluğu adları Yassine A, Mohamed B. və Aboubaker O. olan 3 şübhəli barəsində terror ittihamı ilə cinayət işi qaldırıb.  

Belçika polisi ötən gün 8-i paytaxt Brüsseldə olmaqla 13 ünvanda əməliyyat keçirmişdi. Əməliyyat nəticəsində terrorla əlaqəsi olmaqda şübhəli bilinən 9 nəfər saxlanılmış, onlardan 5 nəfəri ilkin sorğuda azadlığa buraxılnışdılar.

Martın 22-də Belçikanın paytaxtı Brüsseldə 31 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi baş vermişdi. Teraktın məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.

   //ANS Press