Ankarada terror qurbanlarının sayı artdı

11-10-2015, 21:20
370

Ankarada terror qurbanlarının sayı artdı
Ötən gün Türkiyənin paytaxtı Ankara şəhərində baş vermiş terror hadisəsi nəticəsində vəfat edənlərin sayı artıb. Türkiyə Baş Nazirlik Kordinasiya mərkəzindən  verilən məlumata görə, xəstəxanada olan yaralılardan daha 9 nəfər dünyasını dəyişib. Son məlumatda ölü sayının 95, yaralı sayının 246 nəfər olduğu açıqlanıb. Yaralılardan 47 nəfərin vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna olunmur.

Ötən gün günorta saatlarında Türkiyənin paytaxtı Ankarada çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Terror hadisəsinin həmkarlar ittifaqları konfederasiyasının təşkil etdiyi mitinq sahəsində baş verdiyindən insan tələfatının həcmi böyük olub. İlkin məlumatda 47 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilsə də bu say gecə saatlarına qədər çoxalıb.

Türkiyədə 3 günlük milli yas elan olunub və ölkədəki bütün bayraqlar yarıya endirilib.

Baş vermiş terror aktı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng vuraraq başsağlığı verib.

İŞİD terror qruplaşması isə sosial şəbəkədə yaydığı ismarışda Ankarada baş vermiş partlayışa görə təbriklərini çatdırıb və ölü sayının çoxalmasını təmənna edib: "Ankarada baş tutmuş mitinqdə kafir kommunistlərdən 40-a yaxın ölü, 100-dən çox yaralı (95 ölü, 246 yaralı – red.) var. Bunu edənləri təbrik edirik. Allaha şükürlər olsun ki, Ankarada kommunistlərin mitinqində partlayış baş verib. Bir çox ölü və yaralı varmış. Allahım, ölülərin sayını artır. Yallı gedən kommunistlər "bu meydan qanlı meydan” şüarı səsləndirərkən bomba partlayır. Sülh istəyən onlarmı? Şükürlər olsun ki, qamda boğuldunuz.” – deyə terrorçu qruplaşmanın türkcə twitter səhifəsində yazılıb.

Baş verənlərin Türkiyədə Cümhuriyyət tarixinin ən qanlı terror hadisəsi olduğu bildirilir.

Bu ilin iyul ayında Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda 30-dan çox insanın ölümü ilə nəticələnən terror hadisəsi baş vermişdi. Baş verənlərə görə, Xalqın Demokratiya Partiyası (HDP) hökuməti ittiham etmiş, bundan sonra Türkiyədə çox sayda hərbçinin və polisin ölümü ilə nəticələnən intensiv terror aktları başlamışdı. Türkiyə Silahlı Qüvvələri (TSK) isə havada və quruda keçirdiyi hərbi əməliyyatlarla çox sayda PKK terrorçusunu məhv etmişdi.

   //ANS Press