Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyində Xocalı faciəsinin anım tədbiri keçirilib

25-02-2017, 22:08
500

Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyində Xocalı faciəsinin anım tədbiri keçirilibFevralın 24-də saat 16:00-da Azərbaycan Hərb Tarixi Muzeyində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış, XX əsrin Xatın, Xirosima, Naqasaki, Sonqmı faciələri qədər dəhşətli olan Xocalı soyqırımının baş verməsindən 25 il keçir. Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Məhz 25 il öncə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşizmi keçmiş imperiya qoşunları ilə birləşərək Xocalıda kütləvi və amansız soyqırımı aktı həyata keçirdi. Bu misli görünməmiş faciə yalnız Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət idi.
Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda (Xankəndində) yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi.
Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi, 487 nəfər şikəst edildi, 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taborun qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdir. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak etmişlər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryanın və başqa şəxslərin də olduğu istintaqla müəyyən edilmişdir. Bu gün cinayətkarlardan 39 nəfərin adı Azərbaycanın istintaq orqanlarına məlumdur.
Tədbirdə Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin şəxsi heyətinin və C.Naxçıvanski adına hərbi liseyin müəllim və kursantlarının iştirak etmişdir.
Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, muzeyin tədqiqatçı-baş elmi işçisi tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun, Minaatan batareyanın tağım komandiri Nazim İbrahimovun çıxışları dinlənilmiş, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış "1992-ci ilin qarı” adlı sənədli filmin nümayişi olmuşdur.

   //Nəzər Media.az