Erməni əsirliyindən qayıdan azərbaycanlı danışdı -VİDEO

24-12-2015, 22:15
326

Erməni əsirliyindən qayıdan azərbaycanlı danışdı -VİDEOBu ilin iyul ayında erməni sərhədçiləri tərəfindən saxlanılan Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd sakini Turqay Mikayılov azadlığa buraxılıb. O, bu gün Ermənistan-Gürcüstan gömrük-keçid məntəqəsindən keçərək evinə qayıdıb.

Beş aydır ki, Ermənistanda məhbusluq həyatı yaşayan Turqayın sözlərinə görə, o, iyul ayının 23-də Ermənistanla həmsərhəd olan Yırğançay kəndindəki yaylaqdan geri dönərkən içkili vəziyyətdə yolu azaraq Ermənistanın Cücəvan kəndinin ərazisinə keçib. Kənd sakinləri onu saxlayaraq erməni sərhədçilərə təhvil veriblər.

Daha sonra isə Turqay Mikayılovu İrəvana aparan erməni hüquq-mühafizə orqanları onun sərhədi xüsusi məqsədlə bilərəkdən pozduğunu sübuta yetirməyə çalışıblar:

"Hamı bilir ki, iki dövlət arasında münasibət yoxdur. Mənə necə münasibət göstərdikləri isə aydın məsələdir. Orda bir nəfərlik kamerada qalırdım”, – deyə Turqay Mikayılov bildirib.

Soydaşımızın ətrafında beş ay davam edən xüsusi araşdırmaların erməni tərəfi üçün gözlənilən nəticəni verməməsi və Gürcüstan hökumətinin də hadisəyə davamlı müdaxiləsi onların Turqayı məhkəmə əsasında azadlığa buraxmalarına səbəb olub. Bu müddətdə ona göstərilən münasibət barədə isə Turqayı bunları dedi:

"Dedilər ki, səni bura Azərbaycan kəşfiyyata göndərib. Mən isə dedim ki, xeyir, səhvən sərhədi keçib gəlmişəm - azərbaycanlıyam, amma Gürcüstan vətəndaşıyam, Gürcüstanda yaşayıram”.

Üç azyaşlı övlad atası olan Turqaya erməni əsirliyindən geri dönmək nəsib olsa da, bu məsələdə bəxti gətirməyən həmvətənlərimiz az deyil.

Gürcüstanın Ermənistanla sərhəddə yerləşən bir sıra kəndlərində müstəqillik dövründən bu yana bir neçə nəfər nişanlanmayan sərhəd xəttini keçdiyi üçün ermənilər tərəfindən həbs edilib və bu günə qədər onlar haqqında heç bir məlumat yoxdu.
 

  //ANS