İlham Əliyev: "Postsovet məkanında vəziyyət gərginləşir"

8-09-2015, 22:38
547

İlham Əliyev: "Postsovet məkanında vəziyyət gərginləşir"
"Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın əsas səbəbləri sabitliyin pozulması və bəzi ölkələrin siyasi maraqlarıdır”

Bunu prezident İlham Əliyev bu gün iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışı zaman deyib.

Prezident hazırda dünyada dərin iqtisadi və maliyyə böhranın davam etdiyini bildirib. "Xüsusilə Avrasiya məkanında bu böhran daha ciddi forma alıb. Həm Avropada, həm də Asiyada iqtisadi tənəzzül müşahidə olunur".

Dövlət başçısı həmçinin bildirib ki, bu iqtisadi tənəzzülün müxtəlif obyektiv və subyektiv səbəbləri var, bu səbəbləri ekspertlər araşdırır və araşdıracaqlar: "Bizim vəzifəmiz isə ondan ibarətdir ki, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu uğurla bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik”.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Avrasiya məkanında yaşanan siyasi, hərbi və iqtisadi böhranın səbəblərinin təhlilini aparmaq üçün kifayət qədər informasiya var: "Biz görürük ki, bu böhranın əsas səbəbləri sabitliyin pozulması və bəzi ölkələrin siyasi maraqlarıdır. Yaxın Şərqdə son illər yüz minlərlə insan həlak olub. Onlar xarici müdaxilənin, qanlı toqquşmaların qurbanı olublar və bu müharibənin sonu görünmür, əksinə, yeni müharibə ocaqları yaranır, günahsız insanlar bundan əziyyət çəkir. Postsovet məkanında vəziyyət daha da gərginləşir, iqtisadi və siyasi böhranlar hökm sürür, qarşıdurma meylləri güclənir. Postsovet məkanı bizim qonşuluğumuzdadır. Biz bunu görürük və ictimaiyyət də yaxşı bilir ki, xarici müdaxilə öz rolunu oynayır. Bundan əziyyət çəkən də yenə günahsız insanlardır”

   //APA