SOCAR 500 milyon dollarlıq avrobond alır

18-01-2016, 16:15
295

SOCAR 500 milyon dollarlıq avrobond alırSOCAR ödəniş müddəti 2017-ci il olmaqla, 500 milyon dollar məbləğində avrobondların alınmasını elan edib.
Gəlirliliyi 5,45 faiz olan istiqrazların bütün sahibləri yanvarın 26-dək nağd olmaq şərtilə alış üzrə təkliflərini təqdim etməlidirlər.

Alış zamanı gəlir nominala nisbətdə 2 faiz olacaq. Sövdələşmənin meneceri "Deutsche Bank" seçilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində hüquqi şəxs statusuna malik 3 istehsalat birliyi, 1 neft, 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla 23 struktur bölməsi var.

Şirkətin iştirakı ilə yaradılmış birgə müəssisələr (o cümlədən Gürcüstan və Türkiyədə), alyanslar, Əməliyyat Şirkətləri neft-qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərir. SOCAR-ın Gürcüstan, ABŞ, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya, Ukraynada və Belçikada nümayəndəlikləri, İsveçrə, Sinqapur, Vyetnam, Nigeriya və s. treydinq şirkətləri təsis olunub.

   //ANS Press