QHT Şurasının dəstəyi ilə yekun maarifləndirmə tədbiri Xaçmaz rayonunda keçirilmişdir

6-10-2016, 19:19
260

QHT Şurasının dəstəyi ilə yekun maarifləndirmə tədbiri Xaçmaz rayonunda keçirilmişdirXəbər verildiyi kimi, "Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” adlı layihəsinin icrasını həyata keçirir.
Bununla əlaqədar layihə çərçivəsində yekun maarifləndirmə tədbiri Xaçmaz rayonunda keçirilmişdir. "Ailə” Sosial Araşdırmalar  İctimai Birliyi nümayəndəsi  Aygün Cəfərova tədbiri giriş sözü ilə açaraq, belə bir aktual mövzuya həsr edilmiş layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Xaçmaz Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirmiş, layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat vermişdir.  
Qadın hüquqları və gender məsələləri üzrə ekspert, professor Rəna Mirzəzadə tədbirdə "Məişət zorakılığı və onun növləri, erkən nikahla mübarizə yolları” mövzusunda çıxış edərək zorakılığın növləri, əsas səbəbləri və acı nəticələri, erkən nikahlara qarşı mübarizənin əhəmiyyəti barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.  
R.Mirzəzadə erkən nikah, boşanma zamanı kişilər tərəfindən alimentin ödəməməsi, iqtisadi zorakılıq kimi ailədə qadınların və uşaqların əməyinin istismarı, ailə münaqişəsi zamanı uşaqların psixologiyasının pozulması, cəzaçəkmə müəssisələrində məişət zorakılığı zəminində cinayətkar qadınların olması kimi məsələlərə toxunmuş və əhalinin düşüncə tərzini dəyişməyə və insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu vurğulamışdır. O, insanlar arasında müntəzəm maarifləndimə işinin aparılmasının, valideyn məsuliyyətinin artırılmasının, zorakılıq hallarına yol verilməməsinin  zəruriliyini qeyd edərək, yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında məlumat vermiş, vəzifələrin icrası zamanı işin daha da təkmilləşməsinə ehtiyac olduğunu diqqətə çatdırmışdır.  
"Məişət zorakılığı və erkən nikahla mübarizə sahəsində qanunvericilik və dövlət qurumlarının fəaliyyəti” mövzunda çıxış edən ailə, qadın və uşaq problemləri üzrə ekspert Vəsilə Möhsümova isə ölkəmizdə insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
 Tədbirdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə onunla mübarizə yolları barədə məlumat verilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbirdə məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınması məqsədilə qaynar xətt xidmətinin yaradılması, əhalinin təhsil səviyyəsinin yüksəlməsi, qadın polislərin sayının artırılması,  qadınların sahibkarlığa cəlb edilməsi, insanlar arasında ailə mədəniyyəti, gender bərabərliyi üzrə maarifləndirmə tədbirlərinin genişlənməsi, medianın bu sahədə fəaliyyətinin daha da genişləndirilməsi və s. təkliflər irəli sürmüşlər.
Müzakirələr zamanı tədbir iştirakçıları tərəfindən belə bir ümüumi fikir ifadə olunmuşdur ki, layihə çərçivəsində keçirilən bu kimi maarifləndirmə tədbirləri zamanı hədəf qrupuna daxil olan şəxslərin mövzu ilə bağlı geniş məlumatlar əldə etmələri və onların həmin məlumatları öz yaxınları və tanışları ilə bölüşmələri əhali arasında məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınmasında mübarizə ruhunun güclənməsinə öz müsbət təsirini göstərəcəkdir.
Qeyd etmək lazımdır ki, cari ildə layihə çərçivəsində Ağsu, Göyçay və Quba rayonlarında maarifləndirmə tədbirləri keçirilmişdir.

  //Nəzər Media.az