Ağsu rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

29-08-2016, 17:00
396

Ağsu rayonunda maarifləndirmə tədbiri keçirilmişdir"Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” adlı layihə həyata keçirməkdədir. Layihə çərçivəsində Ağsu rayonunda da tədbir keçirilmişdir.

Layihənin icrası məqsədilə Ağsu rayonunda keçirilən tədbirdə təşkilatın nümayəndəsi çıxış edərək, layihənin məqsədi haqqında məlumat vermiş, tədbirin təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Ağsu rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir.

Tədbirdə çıxış edən Ağsu rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Mirzəliyeva mövzunun aktuallığını qeyd edərək, rayonda məişət zorakılığı və erkən nikahla bağlı görülən işlər barədə məlumat vermişdir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirdə çıxış edərək ölkəmizdə  insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir.
O, insanlar arasında müntəzəm maarifləndimə işinin aparılmasının, valideyn məsuliyyətinin artırılmasının, zorakılıq hallarına yol verilməməsinin  zəruriliyini qeyd edərək, yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında məlumat vermiş, vəzifələrin icrası zamanı işin daha da təkmilləşməsinə ehtiyac olduğunu bildirmişdır. Məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırlmaqla tətbiq olunmasının, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsinin, hüquq-mühafizə orqanları əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.  Erkən nikah problemi ilə bağlı aparılan araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə bu sahədə mübarizə üsulları barədə məlumat verilmişdir.
Tədbirdə iştirak edən qadın hüquqları və gender məsələləri  üzrə ekspert, professor Rəna Mirzəzadə məişət zorakılığı və erkən nikahla bağlı öz fikirlərini bölüşmüş, zorakılığın növlərini, əsas səbəb və nəticələrini qeyd etmişdir. O, erkən nikah, boşanma zamanı kişilər tərəfindən alimentin ödənilməməsi, iqtisadi zorakılıq kimi ailədə qadınların və uşaqların əməyinin istismarı, ailə münaqişəsi zamanı uşaqların psixologiyasının pozulması, cəzaçəkmə müəssisələrində məişət zorakılığı zəminində cinayətkar qadınların olması kimi məsələlərə toxunmuş və əhalinin düşüncə tərzini dəyişməyə və insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu vurğulamışdır.

"Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva qadınlara qarşı iqtisadi zorakılıq haqqında danışmış, qadınların ictimai həyatda rolunun artırılmasının, onların məşğulluğunun təmin olunmasının vacibliyini vurğulamış və müsbət təcrübələrini bölüşmüşdür.
Tədbirdə Ağsu rayon icra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri, icma üzvləri mövzu üzrə fikirlərini söyləmiş, interaktiv müzakirələr aparılmış və məişət zorakılığının qarşısının alınması üçün bir sıra təkliflər səsləndirilmişdir.

Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınması məqsədilə qaynar xətt xidmətinin yaradılması, əhalinin təhsil səviyyəsinin yüksəlməsi, qadın polislərin sayının artırılması,  qadınların sahibkarlığa cəlb edilməsi, insanlar arasında ailə mədəniyyəti, gender bərabərliyi üzrə maarifləndirmə tədbirlərinin genişlənməsi, medianın bu sahədə fəaliyyətinin daha da genişləndirilməsi kimi təkliflər irəli sürülmüşdür.

 Tədbirdə iştirakçılarla mövzu üzrə fikir mübadiləsi aparılmış və məişət zorakılığının qarşısının alınması üçün bir sıra təkliflər səsləndirilmişdir.

   //Nəzər Media.az