Şuranın dəstəyi ilə Quba rayonunda maarifləndirmə tədbiri keçirilmişdir

5-10-2016, 17:44
310

Şuranın dəstəyi ilə Quba rayonunda maarifləndirmə tədbiri keçirilmişdir"Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” adlı layihə çərçivəsində növbəti maarifləndirmə tədbirini Quba rayonunda keçirmişdir.
Tədbiri giriş sözü ilə açan "Ailə” Sosial Araşdırmalar  İctimai Birliyi nümayəndəsi  Aygün Cəfərova öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat vermiş və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Quba Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir.
Tədbirdə "Məişət zorakılığı və onun növləri, erkən nikahla mübarizə yolları” mövzusunda qadın hüquqları və gender məsələləri üzrə ekspert qismində çıxış edən professor Rəna Mirzəzadə məişət zorakılığı və erkən nikahla bağlı öz fikirlərini bölüşmüş, zorakılığın növlərini, əsas səbəb və nəticələrini qeyd etmişdir. O, erkən nikah, boşanma zamanı kişilər tərəfindən alimentin ödəməməsi, iqtisadi zorakılıq kimi ailədə qadınların və uşaqların əməyinin istismarı, ailə münaqişəsi zamanı uşaqların psixologiyasının pozulması, cəzaçəkmə müəssisələrində məişət zorakılığı zəminində cinayətkar qadınların olması kimi məsələlərə toxunmuş və əhalinin düşüncə tərzini dəyişməyə və insanlar arasında maarifləndirmə tədbirlərinin keçirilməsinə ehtiyac olduğunu vurğulamışdır.
İnsanlar arasında müntəzəm maarifləndimə işinin aparılmasının, valideyn məsuliyyətinin artırılmasının, zorakılıq hallarına yol verilməməsinin  zəruriliyi qeyd edilərək, yerli icra hakimiyyətlərinin üzərinə düşən vəzifələr haqqında məlumat verilmiş, vəzifələrin icrası zamanı işin daha da təkmilləşməsinə ehtiyac olduğu bildirilmişdır.  
Ailə, qadın və uşaq problemləri üzrə ekspert Vəsilə Möhsümova isə "Məişət zorakılığı və erkən nikahla mübarizə sahəsində qanunvericilik və dövlət qurumlarının fəaliyyəti” mövzunda çıxış edərək ölkəmizdə  insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən söz açmışdır
Məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırlmaqla tətbiq olunmasının, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Tədbirdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə məlumat verilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Müzakirələrə qatılan tədbir iştirakçıları məişət zorakılığının və erkən nikahların qarşısının alınması sahəsində bir sıra təkliflər irəli sürmüşlər. Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınması məqsədilə qaynar xətt xidmətinin yaradılması, əhalinin təhsil səviyyəsinin yüksəlməsi, qadın polislərin sayının artırılması,  qadınların sahibkarlığa cəlb edilməsi, insanlar arasında ailə mədəniyyəti, gender bərabərliyi üzrə maarifləndirmə tədbirlərinin genişlənməsi, medianın bu sahədə fəaliyyətinin daha da genişləndirilməsi və s. bu qəbildəndir.
 Ekspertlər tərəfindən belə bir fikir ifadə olunmuşdur ki, layihə çərçivəsində keçirilən bu kimi maarifləndirmə tədbirləri zamanı hədəf qrupuna daxil olan şəxslərin mövzu ilə bağlı geniş məlumatlar əldə etmələri və onların həmin məlumatları öz yaxınları və tanışları ilə bölüşmələri əhali arasında məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınmasında mübarizə ruhunun güclənməsinə öz müsbət təsirini göstərəcəkdir.

   //Nəzər Media.az