Hərbi gəmilər Xəzərdə hərəkətə keçdi

19-10-2015, 16:06
716

Hərbi gəmilər Xəzərdə hərəkətə keçdiİran Hərbi Dəniz Qüvvələrinin gəmilərini Bakıya göndərir.

Bu barədə İranın Mehr agentliyi xəbər yayıb.

İranın hərbi gəmilərinin Bakı səfərinin əsas məqsədlərindən biri Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsi göstərilir. Xəzər hərbi donanmasının üç hərbi gəmisi bazar günü Rusiyanın Həştərxan limanına yoldaşlıq səfərinə yola düşüblər.

Eksadranın komandiri Əhməd Reza Bakeri Fars agentliyinə bildirib ki, səfər əvvəlcədən planlaşdırılmış olub.

"Həştərxandan sonra esakdra Bakıya dostluq səfəri edəcək və iki həftədən sonra qeydiyyat limanına geri dönəcək", - deyə eksadranın komandiri bildirib. İranın şimalında Bəndər-Ənzəli şəhərindən çıxan "Dəmavənd" esminesi, "Cuşan" və "Peykan" adlı iki raket kateri bu gün Həştərxana yola düşüb.

Gəmilərdə İran Dəniz Qüvvələrinin 200 hərbiçisi olacaq. İran Donanmasının gəmiləri 2008-ci və 2013-ci ilərdə Rusiyaya səhayət etib.

Bir müddət əvvəl də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri "Xəzər Dənizi-2015” beynəlxalq dəniz biatlonunda iştirak etmək üçün Rusiyanın Mahaçqala limanına gedib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinə məxsus iki ədəd 205 layihəli gözətçi gəmisi və yedək gəmisi iyulun 28-də Mahaçqala limanına daxil olub. Azərbaycan dənizçilərini Rusiyanın Xəzər flotiliyasının kiçik "Qrad Sviyajsk” və "Uqliç” kiçik raket gəmiləri qarşılayıb.


2013-cü il avqustun 13-də isə Rusiyanın "Dağıstan" raket gəmisi Bakı limanına baş çəkmişdi.

Həmin vaxt Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev "Dağıstan" raket gəmisinə gedib şəxsi heyətlə görüşmüşdü. Rusiya gəmilərinin də Bakı limanına gəlişinin əsas məqsədinin Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və inkişafı olduğu bildirilmişdi.

"Dağıstan" raket gəmisinin Azərbaycan səfəri zamanı Xəzər dənizində bu gün yaşanan gərginliklər yox idi. Amma İran gəmilərinin dostluq səfərinin fonunda Xəzər dənizində vəziyyət gərgin olaraq qalır. Bir çox aviaşirkətlər Xəzər dənizi üzərindən uçmaqdan imtina etmələri ilə bağlı məlumat yayıblar.

Çünki Rusiya okyabrın 7-də yaydığı rəsmi açıqlamada Suriya ərazisinə aviazərbələri Xəzər dənizindəki hərbi gəmilərdən həyata keçiridiyini etiraf etdi. Rusiyanın Suriyanı bombalaması hərbi və siyasi təşkilatların etirazına səbəb oldu.


Amma məsələ Müstəqil Dövlətlər Birliyinin (MDB) Qazaxıstan sammitində bir o qədər də müzakirə olunmayıb. Rusiyalı şərhçi Arkadi Dubnov ölkəsinin Qazaxıstan sammiti barədə yazdığı məqalədə bildirib ki, Rusiyanın Xəzər dənizində bu hərbi fəallığı ətraf dövlətlər tərəfindən sevinclə qarşılanmayıb.

"Tam əsaslı şəkildə demək olar ki, MDB üzvü olan üç Xəzəryanı ölkə - Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzər dənizi hövzəsindən Suriyaya açılan atəşlərə, yumşaq dillə deyilsə, heç də sevinmirlər.

Göründüyü kimi, Bakı, Astana və Aşqabad üçün Putinin ad günündə gerçəkləşdirilmiş raket atəşləri xoş hədiyyə olmayıb. Axı Xəzərin səthi hələ də sahil dövlətləri tərəfindən bölünməyib və hövzədə istənilən hərbi fəaliyyət onlar arasında razılaşdırılmalıdır”,- deyə Arkadi Dubnov vurğulayıb.


Amma siyasi şərhçinin adlarını sadaladığı ölkələr arasında İranın adı yoxdur. Çünki İran rəsmilərinin açıqlamalından məlum olur ki, Xəzər dənizində həyata keçirilən hərbi əməliyyatlara bu ölkə müsbət yanaşır. Hətta Rusiyanın hərbi gəmilərinin Suriyanı bomblamaq üçün Xəzərin İran sektorundan istifadə etdiyi bildirilir. Hazırda isə İranın hərbi gəmiləri Xəzər dənizində yaranan gərginlik fonunda sülh məqsədi ilə səyahətə çıxıb.

   //ANS Press