İran admiralından Xəzərlə bağlı ultimatum

26-10-2015, 12:11
331

İran admiralından Xəzərlə bağlı ultimatum"Xəzər dənizinin sahilində yerləşən dövlətlərdən başqa İran bu dənizdə hərbi donanma saxlamaq üçün heç bir ölkəyə icazə verməyəcək”.

Bu sözləri İran ordusunun Dəniz Qüvvələrinin komandiri kontr-admiral Habibullah Səyyari deyib.

"Xəzər dənizinin İran üçün böyük bir strateji əhəmiyyəti var. Ölkəmiz Xəzər dənizində bəzi mənfəətlərə malikdir və bu mənfəətləri mühafizə etmək üçün Xəzər dənizində mövqelərini qorumalıdır,"- deyə komandir əlavə edib.

Ordu rəsmisi Xəzər dənizinə sahili olan ölkələrin bir-biri ilə əməkdaşlıq etməli olduğunu vurğulayaraq, bu əməkdaşlığın Xəzər dənizində sülh və sabitliyin təmin edilməsi üçün əhəmiyyətli bir nəticələr verəcəyini açıqlayıb.

Səyyari İran donanmasının Rusiyanın Həştərxan limanına getməsinə diqqət çəkərək Xəzər dənizi dünyanın ən böyük gölü olduğunu və dünyada əhəmiyyətli bir mövqeyə malik olduğunu deyib.

İran donanmasın gəmiləri Həştərxan limanına oktyabrın 22-də çatıblar. Hərbi gəmilərin tərkibinə "Dəmavənd" hərbi gəmisi, həmçinin "Cuşan" və "Peykan" adlı iki raket kateri daxildir. İran hərbçiləri Maxaçkala Xəzər donanmasının nümayəndələri tərəfindən qarşılanıb.

"Dəmavənd" hərbi gəmisində helikopter meydançasından tutmuş, hava hücumundan müdafiə raketləri və ağır artilleriya silahları var. "Cuşan" və "Peykan" adlı iki raket katerində isə orta uzaqlığa uça bilən qanadlı raketlərlə təchiz edilib. İran gəmiləri Rusiya limanına futbol və voleybol üzrə hərbi yoldaşlıq matçlarında iştirak etmək üçün yollanıb.

Rusiya və İran bütün dövrlərdə ətraf dövlətlərə hərbi əməkdaşlıq təklif etsədə ölkələr buna razılıq vermir. Son vaxtlar isə İran və Rusiya Xəzər dənizində hərbi fəallığı artırıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə hazırda Xəzər dənizində hərbi fəaliyyət barədə danışıqlar prosesinin getdiyinin bildirir.

"Hələlik heç bir razılaşmadan söhbət gedə bilməz. Hazırkı qanunlar isə bizə hərbi əməliyyatlar üçün heç bir qadağa qoymur. Ona görə də, Xəzər dənizindəki fəaliyyətimizlə əlaqədar Xəzəryanı ölkələrdən heç bir təhlükə ilə qarşılaşmadıq. Biz Xəzər dənizində hərbi fəaliyyət barədə müşavirələr keçirməyə hazırıq. Düşünürəm ki, bəzi narahatlıqlara səbəb olan ünsürləri aradan qaldıracağıq”.

Amma Rusiyanın və İranın hərbi əməkdaşlıq təkliflərinə ətraf dövlətlərin razılıq verəcəyi real görünmür. Çünki ətraf dövlətlərin çoxu ABŞ-ın bu hövzədəki " Xəzər keşikçisi” layihəsindən faydalanır və hərbi əməkdaşlıqdan çəkinirlər.

Hərbi əməkdaşlıqdan çəkinən dövətlər sırasına Azərbaycan və Qazaxıstan daxildir. Rusiya isə Xəzərə "kənar dövlətlərin nüfuz etməsinə" qarşı çıxış edir və sahilyanı ölkələrə hərbi əməkdaşlıq təklif edir.


İki nəhəng dövlətin Xəzər ətrafında hərbi fəallığı ətraf ölkələrin daha güclü donanma saxlamasına səbəb ola bilər. Bu zaman isə Xəzərdə güclənmək istəyən, amma dəniz ətrafında yerləşməyən dövlətlərin bu hövzəyə marağının artması real görünür. Çünki Xəzər ətrafında yerləşən və hərbi əməkdaşlığı günbəgün artıran İran və Rusiyanın bu əməlləri Avropa və ABŞ maraqlarına ziddir.

Bu səbəbdən həmin dövlətlər ətrafda yerləşən ölkələrin donanmasını gücləndirmək üçün canla - başla çalışmağa başlaya bilərlər. Çünki həmin dövlətlər həm silah satışından pul qazanacaqlar, həm də satıqları silahlar vasitəsi ilə dənizin təbii sərvətlərinə nəzarəti həyata keçirəcəklər.

İran tərəfindən verilən bu açıqlama isə Rusiya ilə birlikdə hərbi fəallıqdan istifadə edib, Xəzərdə digər dövlətlərin hərbi gücünü artırmaq istəyən dünya güclərinin bu hövzədən "gözünü çəkməsi"nə bir xəbərdarlıqdır. Çünki İran ordusunun nümayədəsi ətraf dövlətlərdən başqa bu dənizdə hərbi donanma saxlamaq üçün heç bir ölkəyə icazə verməyəcəyini deyib.

   //ANS Press