Nalbandyan Fransaya gedəcək

10-05-2016, 16:11
292

Nalbandyan Fransaya gedəcəkErmənistanın xarici işlər naziri Edvard Nalbandyan Fransaya gedəcək. Erməni nazirin səfəri mayın 12-nə təyin edilib.

O, fransalı həmkarı Jan-Mark Eron ilə görüşəcək. Görüş zamanı hansı məsələlərin müzakirə olunacağı ilə bağlı heç bir məlumat verilmir.

Nalbandyanın Fransa səfəri Azərbaycan və Ermənistan arasında gərginliyin artdığı bir vaxtda təsadüf edir. Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində  ATƏT-in Minsk qrupunun həmsədri kimi rolu böyükdür. Bu səbəbdən Nalbandyanın Paris səfəri diqqət çəkməyə bilməz. Bu səfər zamanı Qarabağ məsələsinin də müzakirə ediləcəyi istisna deyil.

Fransa dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Amma münaqişə bölgəsində vəziyyət gərginləşən vaxt Fransa yalnız tərəfləri sakitləşməyə çağırdı. Heç bir təkliflə çıxış etmədi.

Ümumiyyətlə, aprelin əvvəlində cəbhə xəttində vəziyyət gərginləşəndən sonra Ermənistan rəhbərliyi Avropa ölkələri ilə müzakirələri sürətləndirilib. Bundan əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya səfər etmişdi.


O, Almaniya kansleri Angela Merkellə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. Ermənistan prezidenti Almaniyada Azərbaycan Ordusunun məxsus olduğu müasir silahlardan danışıb. Sarkisyan bildirib ki, Azərbaycandan fərqli olaraq Ermənistan 1980-ci illərdə istehsal olunan silahlarla döyüşür.

"Azərbaycanın modern silahlara sahib olduğu son 3 gündə özünü göstərdi", - Sarkisyan deyib.

Ermənistan prezidenti Rusiyanın Azərbaycana silah satması məsələsinə də toxunub. O, rəsmi İrəvanın bu faktdan narahat olduğunu deyib.

"Rusiya  bizim strateji müttəfiqimizdir. Bizim təhlükəsizliyimiz bir sistem ətrafında birləşib. Təbii ki, Rusiyanın Azərbaycana silah satmasından məmnun deyilik”.

   //ANS Press