İlhamə Quliyevanın miras davası başladı

2-03-2016, 22:28
454

İlhamə Quliyevanın miras davası başladıXalq artisti İlhamə Quliyevanın vəfatından günlər keçsə də onun miras qalmaqalı səngimir. İfaçının qohumu olan müğənni Əli Mirəliyev xalq artisti İlhamə Quliyevanın mirası ilə bağlı qalmaqallı açıqlama verib. Xalq artistinin dayısının kürəkəni açıqlamasında mirasın onun ata bir olan bacılarına çatmalı olduğunu deyib. Ə.Mirəliyevin sözlərinə görə, İlhamə xanım oğlu Orxan Nadirovun Arifə adlı xanım ilə evlənməsinə xeyr-dua verməyib.

"Orxan anasının sözünə qulaq asmırdı. İlhamə Orxanın evlənməsinə xeyr-dua verməyib, Arifə və onun anası ilə düşmən olub. Onları heç qəbul etmirdi. Amma ürəyində İlhamə Orxanı çox istəyirdi".

Ə.Mirəliyev İlhamə Quliyeva xəstəxanaya düşən zaman da Orxanın onunla maraqlanmadığını, anasının evinə gediş-gəlişi olmadığını deyib.

"İlhamə xanımın yanında həmişə biz olmuşuq. Onun qulluqçusu Fatma xanım, mənim qızım Samirə, bir də mən. O,  xəstəxanaya yerləşdiriləndə biz ona baxmışıq. Orxana deyirəm ki, "oğlum, anan idi də xəstə olanda gəlib baxardın. Nə olsun ki, sənin üstünə qışqırırdı, söyürdü. Məni də min dəfə söyüb. Amma yenə də məni istəyirdi. Xəstə adam idi, böyrəkləri işləmirdi. Birtəhər efirə çıxardırdıq. Bu da bizə baha başa gəlirdi. Çox pis olurdu, aylarla uzanırdı yataqda, tərpənmirdi.  İndi isə Orxan deyir miras mənə qalmalıdır. Niyə axı? Əgər sənin anandırsa, niyə yanında olmamısan? Necə olur İlhamə öləndən sonra onun maşınının açarını götürüb sürürsən? Niyə evinin açarlarını dəyişirsən? Orxanın o evə gediş-gəlişi olmayıb. Belə olmaz axı!"

Qohumu olmasına baxmayaraq ifaçı xalq artistinin mirasında gözü olmadığını deyib. "Onun ata-bir bacıları var. Birinin adı İradə, digərininki isə Gülbahardır. Mən onun dayısının kürəkəniyəm, miras lazım deyil. Mən onu çox istəyirdim. Qızım da ona ana deyirdi.

Onun bank hesabı, evi, daşı-qaşı, brilyantı, qızılları var idi. İlhamə mənə nəyi olub-olmadığını dəqiq deməyib".  


Məsələ ilə bağlı xalq artistinin oğlu Orxan Nadirov da açıqlama verib. Onun sözlərinə görə, hazırda mirasla maraqlanmır və bu məsələ onun üçün böyük bir önəm kəsb etmir. "Mən yasımla məşğulam, evimdə yas var, yas saxlayıram. Kimlərləsə mal-mülk qırğını aparmıram. Mənə onlar qətiyyən maraqlı deyil. Mənə məclisim maraqlıdır”.

Məlumata görə, İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva miras davası etmədiyini deyib. O, əlavə edib ki, xalq artisti Əli Mirəliyevi heç vaxt yanına buraxmayıb.

İlhamə Quliyeva 25 fevral səhər saatlarında insultdan vəfat edib. Ailəsi təcili tibbi yardım xidmətini çağırıb. İfaçı həkim müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. Ə.Mirəliyevin qızı Samirənin  verdiyi məlumata görə, xalq artistinin vəziyyəti uzun müddətdir ki, ağır idi. "O, Tolikin ad gününə də ağır vəziyyətdə getmişdi. Əslində ora da getməməli idi. O, şəkər xəstəliyindən əziyyət çəkirdi. Ayaqlarında ağrılar olurdu. Lakin bunu büruzə vermirdi", - Samirə bildirib.

   //ANS Press