İlhamə Quliyevanın köməkçisinin məhkəməsi baş tutdu

13-02-2016, 23:05
468

İlhamə Quliyevanın köməkçisinin məhkəməsi baş tutduBu gün Xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın məhkəməsi baş tutub.

Məhkəmə Səbail Rayon Məhkəməsində həyata keçirilib. Məhkəmə qapalı keçib. Prosesə hakim Aytən Əliyeva baxıb.

Məhkəmədən sonra Mehriban Hüseynovanın vəkili Vasif Mirzəyev jurnalistlərə açıqlama verib: "Mehriban Hüseynovanın həbs müddəti 3 aya kimi uzadılıb. Fevralın 15-də 1-ci Apellyasiya məhkəməsinə müraciət olunacaq. Mehriban Hüseynovanın ev dustaqlığı məsələsi məhkəmə tərəfindən təmin olunmayıb", - deyə vəkil bildirdi.


Qeyd edək ki, bu, Mehriban Hüseynovanın ikinci məhkəməsi idi. Bundan əvvəl ötən ilin oktyabr ayında da köməkçinin ilk məhkəməsi olub. Mehriban Hüseynova ötən ilin oktyabr ayında həbs olunub. Bu barədə məlumatı İlhamə Quliyeva özü verib. Faktı keçmiş köməkçinin həyat yoldaşı da təsdiqləyib.

İlhamə Quliyeva M.Hüseynova barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Xalq artisti keçirdiyi mətbuat konfransında keçmiş köməkçisinin onun həyatına qəsd etmək istədiyini bildirib.

"İl yarımdır evimdən zinət əşyalarımı, geyimlərimi, pulumu oğurlayıb. Məni zəhərləməyə çalışıb, psixotrop maddələr verərək xəstələndirib”, - deyə xanım Quliyeva vurğulayıb.

Xalq artisti köməkçisini dələduzluqda da ittiham edib: "O, saxta vəsiyyətnamə hazırlayıb. Evimdən 5500 manat pul oğurlayıb fırıldaqçılara verib ki, mənim imzamı sənədə həkk etsinlər. Həmin sənədə görə, guya mən öləndən sonra bütün mülkiyyətim, ev-eşiyim, pulum o qadına qalmalıdır”.

Xalq artisti iddia edir ki, köməkçisi onun oğlu Orxana qarşı sui-qəsd təşkil edib: "O, MTN-də işlədiyi iddia edilən Amillə telefon danışığında oğlumun həbsini sifariş verib. Telefon danışıqlarında deyir ki, Orxanı tutdurandan sonra onu öldürtdürəcəyəm ki, İlhamənin başqa varisi qalmasın”.

Bir müddət əvvəl Mehriban Hüseynova saytlardan birinə məktub göndərərək İlhamə Quliyevanın onu şərlədiyini iddia edib. Bəzi şou-biznes nümayəndələri onu dəstəkləyib. Onlar arasında xalq artisti Aygün Kazımova da var.

   //ANS Press