Qızıl Xaç və Qızıl Aypara Milli Cəmiyyətlərinin İqlim Dəyişikliyi sahəsində potensialının artırılmasına dair təlim keçirildi

17-06-2016, 11:00
306

Qızıl Xaç və Qızıl Aypara Milli Cəmiyyətlərinin İqlim Dəyişikliyi sahəsində potensialının artırılmasına dair təlim keçirildi6-10 iyun 2016-cı il tarixində  Macarıstanın  Budapeşt şəhərində Qızıl Xaç və Qızıl Aypara Milli Cəmiyyətlərinin iştirakı ilə Milli Cəmiyyətlərin İqlim Dəyişikliyi sahəsində potensialının artırılması üzrə təlim keçirilmişdir. Təlim Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beynəlxalq Federasiya) Avropa Zonası Ofisi tərəfindən təşkil olunmuşdur.

Son illər iqlim dəyişikliyi və dəyişən ekstremal hava şəraitinin səbəb olduğu fırtına, sel, quraqlıq, daşqın, torpaq sürüşməsi və soyuq dalğalar Avropa və Mərkəzi Asiya regionunda böyük fəlakətlər yaratmışdır. Hidrometeoroloji təhlükələrin və risklərin təsirlərini azaltmaq baxımından regiondakı bir çox Milli Cəmiyyətlər fəlakətlərə hazırlıq sahəsində fəaliyyətlər göstərməyə başlamışdır. Beynəlxalq Federasiya tərəfindən təşkil olunan təlimin əsas məqsədi də Avropa və Mərkəzi Asiya Milli Cəmiyyətləri arasında milli, yarım-milli və icma səviyyəsində iqlim sahəsində maarifləndirici fəaliyyətlər görən və layihələr hazırlayıb həyata keçirə bilən ekspertlər qrupu yaratmaq idi. Qeyd etmək lazımdır ki, təlim Beynəlxalq Federasiyanın müvafiq mütəxəssisləri tərəfindən həyata keçirilirdi.

Təlimdə "İqlim Dəyişikliyi”, "İqlim Dəyişikliyinin Azaldılması” və "İqlim Dəyişikliyinə Uyğunlaşma” konsepsiyaları geniş şəkildə təhlil edildi. Eyni zamanda iqlim dəyişikliyi nəticəsində yarana biləcək sağlamlıq və miqrasiya kimi problemlər də müzakirə olundu. Açıq platforma şəkildə keçən təlimdə Milli Cəmiyyətlərin nümayəndələri qeyd olunan sahələr üzrə görülən işlərdən danışaraq, öz bilik və təcrübələrini bütün iştirakçılarla bölüşdülər. Burada eyni zamanda Milli Cəmiyyətlərin iqlim dəyişikliyi və iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərə (daşqınlar, sellər, torpaq sürüşmələri, quraqlıq və s.) hazırlıq və cavabvermə sahəsində gördüyü işləri və əsas fəaliyyətlərini nümayiş etdirən Beynəlxalq Market də təşkil olundu.

   //Nəzər Media.az