UEFA-dan "Qalatasaray"a Sneyder zərbəsi

22-01-2016, 11:15
252

UEFA-dan "Qalatasaray"a Sneyder zərbəsi”Qalatasaray”ın UEFA tərəfindən Avropa kuboklarından kənarlaşdırıla biləcəyi ehtimalı gələn ay bəlli olacaq.

Buna səbəb İstanbul klubunun maliyyə fair-play qaydalarını yerinə yetirə bilməməsidir.

Türkiyə mətbuatının iddialarına görə, "1+1" sistemiylə verilməsi gözlənilən cəza reallaşsa, komandada "yarpaq tökümü" başlayacaq. Komandanı ilk tərk edəcək futbolçulardan biri Uesli Sneyder olacaq. Bu haqda hollandiyalı futbolçunun meneceri Guido Alberts açıqlama verib.

Alberts Sneyderin "Qalatasaray"ı böyük klub olduğuna görə seçdiyini, hər mövsüm avrokuboklarda, əsasən də Çempionlar Liqasında oynamaq istədiyini vurğulayıb. "Sarı qırmızılar" avrokuboklardan kənarlaşdırılsalar, onun burda qalması üçün səbəb olmayacaq" deyə menecer bildirib.

UEFA nın ”Qalatasaray” klubunu Avropa kuboklarında iştirakdan uzaqlaşdıra biləcəyi barədə dünən yayılan xəbərə klub tərəfindən rəsmi reaksiya gəlib. "Qalatasaray"ın prezidenti Dursun Özbək baş verənlərə aydınlıq gətirib. "UEFA ”Qalatasaray”ın 1+1 illik avrokuboklardan kənarlaşdırılmasını istəyir. Bu qərar deyil, istəkdi", - deyə klub başçısı bildirib.

"Qalatasaray" maliyyə "fair-play"ı qaydalarını pozub. Bu səbəbdən UEFA İstanbul klubunun işini Maliyyə Fair-Play Nəzarət Komitəsinin (CFCB) intizam komissiyasına gondərib.Qərar fevralın sonunadək açıqlanacaq. Dursun Özbək bildirib ki, ağır cəzadan qurtulmaq üçün əllərindən gələni edəcəklər: "Komitə fevralın sonuna qədər bizi dinləyəcək. Orda müdafiəmizi ən yaxşı şəkildə qurmağa çalışacağıq. Bu işdən ən uyğun cəza ilə çıxamaq istəyirik".

Bir müddət əvvəl FİFA İspaniyanın iki nəhəng klubuna transfer qadağası qoyub.Qurumun rəsmi saytında gedən məlumata görə,"Barselona"nın ardınca Madridin "Real" və "Atletiko" klublarına da sanksiya tətbiq edilib. Buna səbəb klubların 18 yaşına çatmayan futbolçuların transferi zamanı qanun pozuntusuna yol vermələsi olub.Cəza iki transfer pəncərəsinə aiddir. "Real"la"Atletiko"yayda və gələn qışda yeni futbolçu ala bilməyəcəklər. Bundan başqa "Atletiko" 900, "Real" isə 360 min İsveçrə frankı məbləğində cərimə edilib.

  //ANS Press