Böyükağa Hacıyev imtahandan kəsilib!

30-10-2015, 18:07
293

Böyükağa Hacıyev imtahandan kəsilib!"Neftçi"nin sabiq baş məşqçisi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev 2014-cü il mayın 30-dan 2015-ci il mayın 8-dək Bakı-da keçirilən UEFA-nın Pro kateqoriya üzrə məşqçi kursunu keçə bilməyib.

AFFA-nın dünən açıqladığı siyahıda B.Hacıyev yer almayıb.

Pro kursundan keçənlər

Novruz Əzimov, Tərlan Əhmədov, Bəhmən Həsənov, Etibar İbrahimov, Fatih Kavlak, Aslan Kərimov, Adil Şükürov, Deril Uillard (Daryl Willard), Murat Yoldaş, Azər Bağırov.
 
Qeyd edək ki, Pro dərəcəsi xarici ölkələrdə baş məşqçi kimi çalışmaq imkanı verir. UEFA-dan bu dərəcəni ala bilməyənlər isə xaricdə baş məşqçi qismində işləyə bilməzlər.

Məsələ ilə əlaqədar B.Hacıyev özü açıqlama verib.

O, apasport.az saytına deyib: "Pro kateqoriyası alan məşqçilərin siyahısında adım yoxdursa, deməli, lazım olan qiyməti almamışam. Səbəbini rəhbərlik daha yaxşı bilər. Belə çıxır ki, imtahandan keçə bilməmişəm (gülür). Vallah, nə üçün kəsildiyimi bilmirəm. AFFA-da dəqiqləşdirib, soruşacam".
 
İran və Rusiyadan təkliflər aldığını qeyd edən Hacıyevə Pro lisenziyasını ala bilməməsi əngəl yarada bilər. Ancaq "Zəif" ləqəbli məşqçi bundan narahat deyil: "İranda belə şeylərə fikir vermirlər. Yəni orada işləmək üçün Pro kateqoriyalı məşqçi lisenziyasına sahib olmaq məcburiyyətində deyilsən. Orada heç soruşmurlar ki, hansı kateqoriyan var? Amma Rusiyada işləmək üçün Pro kateqoriyan olmalıdır. İmtahandan kəsildiyim üçün indiki vəziyyətdə Rusiyadan gələn təklifləri qəbul edə bilmərəm. Növbəti imtahanlarda yenə iştirak edəcəmmi? Hələ bilmək olmaz, sabah nə baş verəcək".

   //Qol.az