Tellur Mütəllimov: “Üzərimdə çox çalışmalıyam”

9-08-2016, 14:07
216

Tellur Mütəllimov: “Üzərimdə çox çalışmalıyam”"Oyuna çıxmağa tam hazır olsam da, açığı, meydana belə erkən daxil olacağımı gözləmirdim. Rəşad Sadiqovun zədələnməsindən sonra baş məşqçimiz mənə şans verdi. Mənə etimad göstərdiyi üçün məşqçilərə təşəkkür edirəm".
Bu sözləri "Qəbələ"nin gənc futbolçusu Tellur Mütəllimov deyib.
 
Azərbaycan Premyer Liqasının ilk turunda "Kəpəz"i məğlub edən əyalət klubunun yarımmüdafiəçisi görüş haqqında fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Etimadı doğrultmaq üçün əlimdən gələni etdim. Bunun necə alınmasını isə deyə bilmərəm. Kənardan, xüsusilə də məşqçilər oyunuma daha yaxşı qiymət verə bilər. Düzdür, səhvlərim də oldu ki, onların üzərində hələ çalışmalıyam. Vacib olan komandamızın qələbəsi idi. Sevinirəm ki, qalib gəlib, meydandan 3 xalla ayrıldıq".
 
Tellur əsas komandada ilk qolunu vurmasını da xüsusi qeyd edib: "Əsas komandada qol hesabımı açdım. Həmin epizodda ötürmə alandan sonra yalnız qol vurmaq, komandamı hesabda irəli çıxarmaq haqda düşünüb, bütün fikrimi buna yönəltmişdim. Həmin an dəqiq oynayıb, ilk qolumu vurdum. Bu, bütün komandanın əməyidir. Mövsümün ilk matçında qolla yanaşı, məhsuldar ötürmə də verdim. Bu gün şanslı günümdə idim. İlk qələbəmizi qazandıq, indi belə startın davamını gətirmək haqda düşünürük. Özüm də ilk qolumu vurduqdan sonra növbəti qələbələrdə pay sahibi olmaq istəyirəm. Şans qazansam, etimadı doğrultmağa, oyunum və qollarımla komandanın uğuruna kömək etməyə çalışacağam. Qarşıda "İnter"lə çətin matçımız var. Həmin görüşdə də oynamaq şansı qazansam, bütün bacarığımı ortaya qoyacağam. Hələ gəncəm, potensialımı daha da artırmaq üçün üzərimdə çox çalışmalıyam".

   //apasport.az