Bahar Muradova: "Mənfi stereotipləri sındırmaq lazımdır"

16-12-2015, 13:07
428

Bahar Muradova: "Mənfi stereotipləri sındırmaq lazımdır"Azərbaycanda ailədaxili məsələlərə xüsusi diqqət yetirmək və mənfi stereotipləri sındırmaq lazımdır.

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

B.Muradova qeyd edib ki, erkən nikahlarla mübarizə sahəsində dünya ölkələrindəki təcrübələrdən yararlanaraq səyləri birləşdirmək lazımdır: "Bütün ölkələrdə erkən nikahların baş verməsinin iki əsas səbəbi - mənəvi-psixoloji, sosial-iqtisadi məsələlər ola bilər. Keçdiyimiz yol bizə hədəfləri müəyyənləşdirməyə imkan verir. Azərbaycan hökumətinin bu məsələyə münasibəti birmənalıdır. Azərbaycan siyasətində qadın siyasəti mühüm yer tutur. Cəmiyyətin bu məsələlərə münasibəti də aparıcı rol oynayır".

B.Muradovanın sözlərinə görə, uşaqları erkən nikaha cəlb etməklə onlara alətə çevirmək olmaz.

B.Muradova Azərbaycan ailələrində bir çox hallarda qadın və qızların düzgün tərbiyə edilmədiyini də deyib. Onun sözlərinə görə, Azərabaycanda qızlar başqalarının iradəsindən asılı, oğlanlar isə qadınlar üzərində idarəedicilik hüququ olan bir formada tərbiyə edilir və hesab edilir ki, bu, düzgün yanaşmadır.

B.Muradova hesab edir ki, əgər uşaqları tərbiyə edərkən onlara bərabər hüquqlarının olduğunu təlqin etsək, onda normal cəmiyyət qurmuş olarıq.

   //Trend