Fuad Qəhrəmanlının apellyasiya şikayətinə nə vaxt baxılacaq?

11-12-2015, 23:37
386

Fuad Qəhrəmanlının apellyasiya şikayətinə nə vaxt baxılacaq?Dövlət əleyhinə kütləvi çağırış etməkdə təqsirləndirilərək həbs edilən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya şikayətinin baxılacağı vaxt müəyyən edilib. Bu barədə Trend-ə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, şikayətə dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və onun sosial şəbəkələrdə bu cür çağırışlar etdiyi iddia edilir.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

  //Trend