Arif Yunusa qadağa qoyuldu

18-11-2015, 13:11
235

Arif Yunusa qadağa qoyuldu"Noyabr ayının 12-də səhhətində yaranan problemlərə görə, məhkəmə zalından azadlığa buraxılan Arif Yunus evdən bayıra çıxmır. Onun təzyiqi tez-tez dəyişir. Həkimlərin və dostlarının nəzarəti altındadır".

Bunu  açıqlamasında psixoloq, Arif Yunusun yanında olan Azad İsazadə deyib. Onun sözlərinə görə, konfliktoloq Arif Yunusun təzyiqi tez-tez yüksəlir və bu zaman qonşuluğunda olan həkim dostları dərmanlar vasitəsi ilə təzyiqi yenidən normallaşdırırlar. Ancaq 24 saat həkim nəzarəti yoxdur.

Arif Yunusun hələ də mətbuata heç bir açıqlama verməməsinin səbəbi isə ona vəkilləri və həkimləri tərəfindən qadağa qoyulmasıdır.

Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası baş tutub. Səhhətindəki problemlərlə əlaqədar onun barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib.

Almaniyadan gəlmiş mütəxəssislər A. Yunusun müayinəsindən sonra onun təzyiqinin həddindən artıq yüksək olduğunu bildiriblər və məhkəmə A.Yunusun vəkilinin vəsatətini təmin edərək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib.

Oktyabrın 30-da Arif Yunusun səhhəti pisləşdiyindən o, Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülmüşdü.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarş Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

   //ANS Press