ABŞ-ın Etnik Anlaşma Fondu: "Azərbaycan tolerantlıq ənənələrinə görə bütün dünya üçün nümunəvi ölkədir"

5-03-2019, 21:15
198


Azərbaycan tolerantlıq ənənələrinə görə təkcə müsəlman aləmi üçün deyil, bütün dünya üçün nümunəvi ölkədir.

Bunu ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayer "Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda tolerantlıq, dini dözümlülük yüzilliklər boyu hökm sürüb. Bu səbəbdən Azərbaycanda xüsusi olaraq "Tolerantlıq ili"nin elan edilməsinə ehtiyac görməyən M.Şnayer bildirib ki, Heydər Əliyev Azərbaycanda tolerantlığın möhkəmlənməsində xüsusi rol oynayıb. Tolerantlıq, dini dözümlülük onun üçün prioritet məsələyə çevrilib.

M.Şnayer qeyd edib ki, təmsil etdiyi təşkilat evangelist xristianları ilə dünya müsəlmanları arasında körpü yaratmağı qarşısına məqsəd qoyub: "Müşahidələrimiz əsasında deyə bilərik ki, hələ ki müsəlmanlarla evangelist xristianları arasında anlaşma yoxdur. Amma Azərbaycan kimi dövlətdə bu tədbirə tanınmış evangelist liderlərinin qatılması tədbirin mahiyyətinə böyük töhfə verir. ABŞ-da azərbaycanlılarla xristianların münasibətləri arasında olan boşluq Azərbaycanda aparılan təbliğat əsasında aradan qaldırıla bilər".

//Trend