MTN-nə görə daha bir nazirlikdə yoxlama başlandı

28-10-2015, 15:07
361

MTN-nə görə daha bir nazirlikdə yoxlama başlandı"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarının çoxu telefon danışıqlarının qanunsuz dinlənməsi ilə əlaqədar hazırda dindirilir".

Ciddi yoxlamalar bir neçə gün öncə başlayıb. Demək olar ki, əməkdaşların çoxu artıq dindirilib. Hazırda da bu dindirmələr davam etdirilir.

Nazirliyin məlumatına görə aparat rəhbəri Vidadi Zeynalov həbs edilməyib. "O, bir neçə gündür ki, dindirilir. Lakin bu dindirilmələrin nə zaman bitəcəyi barədə heç bir məlumat verilmir".

Ötən gün KİV-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun həbsi ilə bağlı xəbərlər yayılmışdı. Yayılan məlumatlarda deyilirdi ki, V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) bir neçə gün öncə işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir.

Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati - təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib.

BTRİB-in eks-rəisi Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur. Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra öz qohumu Beytulla Hüseynovu BTRİB-də rəhbər vəzifəyə gətirib.

B.Hüseynov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.

   //ANS Press