Həbs olunan MTN polkovnikindən şikayət

23-10-2015, 23:11
344

Həbs olunan MTN polkovnikindən şikayətMTN-in Antiterror Mərkəzinin qulluq mövqeyindən sui-istifadə etməkdə ittiham olunaraq həbs edilən sabiq rəis müavini, polkovnik İlqar Əliyev apelyasiya şikayəti verib.

İlqar Əliyev ona qarşı irəli sürülən ittihamlarla razı deyil və barəsindəki məhkəmə qərarından şikayət etməyə hazırlaşır.

MTN-in 7 əməkdaşına qarşı CM-in 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Onlar barədə məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.


Əldə edilən digər məlumata görə, sahibkarlardan daxil olmuş şikayətlər prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Prezident Administrasiyasında araşdırılıb. Araşdırma nəticəsində bəlli olub ki, sahibkarların şikayətçi olduqları qurumlar arasında ilk yeri Milli Təhlükəsizlik Nazirliyi tutur.

Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının sahibkarlara problemlər yaratması, bəzi hallarda onlardan pul tələb etməsi, sahibkarların boğulması, soyulması, incidilməsi barədə danışaraq, bütün qurumlara bu halların aradan qaldırılması barədə son xəbərdarlıq etmişdi.

   //ANS Press