Fəzail Ağamalının oğlu: “Atam xaricdə istirahət edir”

14-05-2017, 10:13
37


Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri  Fəzail Ağamalının səhhəti pisləşməsinə dair bir neçə gündür ki, mətbuat səhifələrində məlumatlar yer alır. Hətta, deputat, səhhətinin pisləşməsinə görə xarici ölkələrin birində  müalicəsini davam etdirir. Buna görə də telefonlara cavab vermir.  

Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Fəzil Ağamalının oğlu, Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalıyevlə əlaqə saxlayıb. O, bildirib ki, yazılanların heç bir əhəmiyyəti yoxdur.

“Əminliklə deyirəm ki, Fəzail müəllimin səhhətində heç bir problem yoxdur. Sadəcə, istirahətə gedib. Tam istirahətdə olduğu üçün mətbuatda görünmür. Buna görə yazılanların heç birinin əsası yoxdur. Bu istirahət müəyyən şəxsi işlərlə bağlıdır. Yayda müəyyən işləri nəzərə alaraq istirahətini indi həyata keçirməyə qərar verib. Yay aylarında hansısa xarici ölkəyə gedib dincəlmək üçün istirahət götürməyəcək. Azərbaycanda istirahət deyəndə ancaq yay ayları nəzərdə tutulur. Xaricdə isə belə deyil. Qış yaz, payız aylarında da istirahət etmək mümkündür. Fəzail müəllimin yaz aylarında istirahət etməsində təəccüblü heç nə yoxdur”.

Fəzail Ağamalının oğlu atasının pəhriz saxlaması xəbərinə də aydınlıq gətirib.

“Fəzail müəllim Azərbaycana dönəndə qiyməti o zaman verərsiniz. Onu da deyim ki, arıqlamaq səhhətdə yaranmış hansısa problemlə bağlı olmaya bilər. Çünki müasir zamanda köklükdən fərqli olaraq arıqlıq sağlamlıq əlaməti sayılır. Əgər kimsə getdiyi məkandan arıq formada geri dönürsə, bu, həmin şəxsin daha sağlam həyat tərzi keçirdiyinə bir işarədir. Yeri gəlmişkən, deyim ki, Fəzail müəllim ölkədə olmasa da, həm oğlu, həm də partiya yoldaşı kimi gün ərzində bir neçə dəfə onunla  əlaqə saxlayırıq. Ölkədəki və dünyadakı prosesləri yaxından izləyir”.

Atasının hansı ölkədə dincəlməsinə gəlincə, Elçin Ağamalıyev bunun sirr qalmasını tövsiyə edib.

“Fəzail müəllimin hansı ölkədə istirahət etməsini açıqlamaq istəmirəm. Amma istirahətini yaxın ölkələrin birində həyata keçirir”

  //modern.az