Razi Nurullayev sədr seçildi

19-10-2015, 15:41
227

Razi Nurullayev sədr seçildi
Azərbaycan Xalq Cəbhəsi Partiyası Etimad Qurultayı Təşkilat Komitəsinin (EQTK) qurultayı baş tutub.

Qurultay Əmircan qəsəbəsində Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirilib.

EQTK sədri Razi Nurullayev iştirakçıları salamlayaraq, qurultayı açıq elan edib.

Bundan sonra dövlət himni səsləndirilib.

Çıxış edən R.Nurullayev bir neçə məsələ ilə bağlı fikirlərini qurultay iştirakçıları ilə bölüşüb: "Öncə bu suala cavab verim ki, biz niyə yarandıq və nə istəyirik? 1988-ci ildə baslayan Milli Azadlıq Hərəkatının qarşısına qoyduğu məqsəd və vəzifələr həyata keçirilməyib. Müxalifət olaraq xalqa verdiyimiz sözü tuta bilmədik. Birbaşa olaraq xalqın yanında ola bilmədik. Çox acı haldır ki, 10 illiklər ərzində xalqın yanında olduğu deyilən insanlar bunu edə bilmədi. Zaman-zaman AXC partiyaya çevrildi, ancaq öhdəliklərini yerinə yetirə bilmədi, xalqdan ayrı düşdü. Bunun birbaşa günahkarı kimi Əli Kərimli və digər müxalifət liderlərini görürəm. 10 illiklərlə aparılan siyasət müsbət nəticələnmirsə, onlar kənara çəkilməli idilər. Bir lider söz verirsə, nəticə ilə bağlı öhdəlik götürürsə, xalqa vəd verirsə, nəticə göstərməlidir. Əks təqdirdə kənara çəkilməlidir".

Dağlıq Qarabağla bağlı mövqeyini açıqlayan R.Nurullayev bu məsələdə kompromisə getməyəcəklərini deyib: "Biz heç bir zaman Qarabağ üzərindən çirkin oyuna gedə bilmərik. Hər qarış torpağımız əzizdir. Heç bir zaman, heç bir şərt altında Qarabağla bağlı kompromisə gedə bilmərik. Ərazi bütövlüyümüz ata-anamızdan, canımızdan, övladımızdan da müqəddəsdir".

Avropaya inteqrasiyadan danışan sədr "Azərbaycan Avropanın bir hissəsi olmalıdır" deyib: "Bunun üçün də AXCP-nin nizamnaməsinə dəyişiklik təklif edirəm və orada Avropaya inteqrasiyanın vəzifə kimi qoyulmasını istəyirəm".

Sonra R.Nurullayev tarixi bir qərara imza ataraq, bundan sonra AXCP sədrinin ancaq 2 dəfə seçim məsələsini gündəmə gətirib. Məsələylə bağlı keçirilən səsvermədə 208 nəfər dəyişikliyin lehinə, 2 nəfər isə dəyişikliyin əleyhinə səs verib. Səs saxlayan və bitərəf olanların da sayı 2 nəfər olub.

Nizamnaməyə Avropaya inteqrasiya ilə bağlı vəzifənin də daxil edilməsi səsə qoyulub və əksəriyyətin dəstəyi ilə müsbət nəticə qazanıb.

Daha sonra sədr seçkisi gizli səsvermə ilə keçirilib. Gizli səsvermədə 213 nəfərdən 209 nəfəri iştirak edib. 9 səs etibarsız olub. Razi Nurullayev 165, Mehman Muradlı 24, Səbuhi Əliyev 14 səs yığa bilib. 165 səslə Razi Nurullayev AXCP sədri seçilib.

R.Nurullayev deyib ki, biz bu gün demokratik seçki keçirməklə yeni tarix yazdıq: "Hər biriniz zaman gələcək bu şərəfli tarixi yazdığınıza görə fəxr, qürur duyacaqsınız. Bu andan etibarən bununla fəxr etməyinizi istəyirəm".

   //Trend