İlhüseyn Hüseynov 1991-ci ilin sentyabrında təhlükəsizlik orqanlarına rəhbər gətiriləndə Azərbaycan hələ müstəqilliyinə qovuşmamışdı.
İlhüseyn Hüseynov
Amma az sonra, 1991-ci ilin sonlarında Azərbaycan Respublikası
müstəqilliyini bəyan etdi. İlhüseyn Hüseynov isə 1992-ci ilin mayınadək,
Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti gələndək Milli Təhlükəsizlik
Nazirliyinə rəhbərlik etdi.
İ.Hüseynov 1925-ci ildə Bakı şəhəri Balaxanı kəndində fəhlə ailəsində anadan olub. 1952-ci ildə
Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) tarix fakültəsini bitirib. Təhlükəsizlik orqanlarında
1942-ci ilin sentyabr ayından xidmətə başlayıb. İ.Hüseynov SSRİ
DTK-sının Bakı diyarlararası məktəbini bitirib, 1952-ci ilin avqust
ayından əməliyyat işində rəhbər vəzifədə çalışıb. Xidməti dövründə bir
sıra dövlət mükafatları –
"Qırmızı Bayraq" ordeni, "Döyüş xidmətlərinə görə" medalı və digər 14 medala, eləcə də "kəşfiyyat xidmətlərinə görə" döş nişanı ilə təltif olunub.
O, 1991-ci ilin sentyabrında
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin olunub. 1991-ci
ilin noyabrında Azərbaycanın təhlükəsizlik orqanının adı dəyişdirilərək
Milli Təhlükəsizlik Nazirliyi edilib. Və İ.Hüseynov 1992-ci ilin may
ayına kimi MTN-ə rəhbərlik edib. İ.Hüseynov təhlükəsizlik orqanlarından
general-mayor hərbi rütbəsində silahlı qüvvələrin ehtiyatına buraxılıb.
Fəxrəddin Təhməzov 1992-ci ilin mayından 1993-cü ilin iyun ayına kimi milli təhlükəsizlik naziri postunda çalışıb.
Fəxrəddin Təhməzov
F.Təhməzov 1951-ci il yanvar ayının 10-da
Salyan rayonunun Qaraçala qəsəbəsində müəllim ailəsində anadan olub. 1968-ci ildə Əli-Bayramlı şəhərində orta məktəbi, 1973-cü ildə
Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu
bitirdikdən sonra bir müddət Əli-Bayramlı şəhərində orta məktəbdə
müəllim işləyib. Həqiqi hərbi xidmətə çağırılan F.Təhməzov 1975-ci ildə
xidmətini başa vuraraq pedaqoji fəaliyyətini davam etdirib.
1975-1977-ci illərdə SSRİ DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbində
təhsil alıb, məktəbi bitirdikdən sonra 1977-ci ilin avqust ayından
1990-cı ilin iyun ayına qədər Azərbaycan Respublikası DTK-sının mərkəzi
aparatında kiçik əməliyyat müvəkkili, əməliyyat müvəkkili, baş əməliyyat
müvəkkili, bölmə rəisinin müavini, bölmə rəisi vəzifələrində fəaliyyət
göstərib.
1990-cı ilin iyun ayından 1991-ci ilin dekabr ayına kimi MTN (1991-ci
ilin noyabrına qədər DTK) Gəncə şəhər və dəmir yol stansiyası şöbəsinin
rəis müavini, 1992-ci ilin yanvar ayından Azərbaycan Respublikasının MTN
Bakı şəhər üzrə İdarəsində şöbə rəisi vəzifələrində çalışıb. F.Təhməzov
1992-ci ilin may ayının 16-da milli təhlükəsizlik naziri vəzifəsinə
təyin olunub və həmin ayın 23-də general-mayor rütbəsi alıb.
F.Təhməzov 1993-cü ilin iyununda tutduğu vəzifədən azad edilib.
Nəriman İmranov 1993-cü ilin iyun ayından 1994-cü ilin oktyabrınadək nazir işləyib.
Nəriman İmranov
N.İmranov bu vəzifəyə təyinat alanda Azərbaycan Xalq Cəbhəsi artıq
hakimiyyətdən yıxılmışdı. O, nazir postuna mərhum eks-prezident Heydər
Əliyevin təyinatı ilə gətirilmişdi.
N.İmranov 1944-cü ilin yanvar ayının 2-də Qərbi Azərbaycanın Basarkeçər
rayonunun (indiki Ermənistan Respublikasının) Şişqaya kəndində anadan
olub. 1961-1969-cu illərdə Azərbaycan Pedaqoji institutunda (hazırkı
APU) təhsil allb. 1975-ci ildə Naxçıvan MR-da komsomolun 1-ci katibi
vəzifəsindən SSRİ DTK-nın Ali məktəbinə oxumağa göndərilib. Məktəbi
bitirdikdən sonra DTK orqanlarında fəaliyyət göstərib, 1986-cı ilin
oktyabr ayının 4-də Azərbaycan SSR DTK sədrinin müavini təyin edilib.
1988-1993-cü illərdə SSRİ təhlükəsizlik orqanlarında müxtəlif
vəzifələrdə çalışıb.
1993-cü ilin mart ayında Bakıya qayıdıb və 1993-cü ilin iyul ayının 3-də
milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may
ayının 15-də ona general-mayor rütbəsi verilib. 1994-cü ilin oktyabr
ayının 15-də N.İmranov törətdiyi dövləti cinayətlərə görə həbs edilərək
azadlıqdan məhrum olunub.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv edilib.
Namiq Abbasov 1994-ün oktyabrından 2004-ün iyuluna kimi MTN şefi olub.
Namiq Abbasov
N.Abbasov 1940-cı ildə anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət
Universitetinin jurnalistika fakültəsini bitirib. 1962-1976-cı illərdə
"Abşeron" qəzetində rəhbər vəzifədə çalışıb. 1970-ci ildən partiya işinə keçib, Azərbaycan
SSR KP-nin Abşeron RK-nin II katibi vəzifəsində işləyib. 1977-ci ildən
təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1979-cu ildə SSRİ
DTK-sının Ali Məktəbini bitirib, şöbə rəisinin müavini, şöbə rəisi,
Azərbaycan SSR DTK sədrinin müavini vəzifələribdə işləyib.
1992-1994-cü illərdə Azərbaycan Respublikası milli təhlükəsizlik
nazirinin müavini və birinci müavini olub. 1995-ci ilin mart ayından
2004-cü ilin iyul ayınadək isə Azərbaycan Respublikası milli
təhlükəsizlik naziri vəzifəsində işləyib.
O, bu vəzifədə general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Eldar Mahmudov 2004-cü ilin iyul ayında Prezident
İlham Əliyevin sərəncamı ilə nazir təyin olunub.
Eldar Mahmudov
2015-ci ilin 17 oktyabrında isə tutduğu vəzifədən azad edilib.
E.Mahmudov 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olub. 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib.
Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışıb.
1993-cü ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilib. 1993 - 2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat - Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyib.
2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Prezidentin 23 iyul 2004-cü il tarixli sərəncamı ilə E.Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri təyin olunub və ona general-mayor hərbi rütbəsi verilib. Prezidentin 16 mart 2005-ci il tarixli sərəncamı ilə Eldar Mahmudova general-leytenant, 27 mart 2014-ci il tarixli sərəncamla isə general-polkovnik hərbi rütbəsi verilib.