Mövqelərimiz iriçaplı pulemyot və qumbaratanlarla atəşə tutuldu

13-02-2017, 16:29
204

Mövqelərimiz iriçaplı pulemyot və qumbaratanlarla atəşə tutulduErməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan və qumbaratanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli və Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Mərzili, Nəmirli, Qaraqaşlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

  //Nəzər Media.az