Ölkəmiz reallıqlara əsaslanan iqtisadiyyata keçid edəcək

11-01-2017, 22:09
40

Ölkəmiz reallıqlara əsaslanan iqtisadiyyata keçid edəcəkDünənki müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, 2016-cı il dərin islahatlar ili olmuşdur. Artıq ölkədə biznes mühitinin formalaşması və sahibkarlığın inkişafına tam hüquqi baza yaradılmışdır. İqtisadiyyatın hər hansı bir sahəsində öz potensialını təqdim etmək üçün hər bir vətəndaşa bütün qapılar açılmışdır.

Bunu Milli Məclisin üzvü Azər Badamov prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikrilərə münasibətində bildirib.

Deputat qeyd edib ki, dövlət investisiyalar qoyur, xarici investisiyaların cəlb edilməsinə dövlət təminatı verilir: "Sadəcə imkanı olanlar seyredici mövqeyini saxlayıb yaradılmış şəraitdən maksimum istifadə edərək həm özü inkişaf etməli, həm də yeni iş yerlərinin açılmasında və ixrac yönümlü məhsulların istehsalında öz töhfəsini verməlidirlər".

A.Badamovun fikrincə, Azərbaycan 2017-ci ildə iqtisadi baxımdan yeni bir keçid edəcək: "Dövlət başçımızın müşavirədə toxunmadığı iqtisadiyyatın elə bir sahəsi qalmadı ki, 2017-ci ildə inkişaf etdirilməsi nəzərdə tutulmasn. Qeyd etmək istəyirəm ki, 2017-ci ildə ölkəmiz neft iqtisadiyyatından iqtisadiyyatın reallıqlarına əsaslanan iqtisadiyyata keçid edəcək. Buraya ölkənin sənayeləşməsi, kənd təsərrüfatının valyuta gətirəcək ənənəvi sahələrinin inkişafı, nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi, inşaat sektorunda inqilabi tikintilərin nəzərdə tutulması, turizm potensialından yüksək dərəcədə istifadə edilməsi, sosial layihələrin yerinə yetirilməsi, xidmətlərin asanlaşdırılması və s. daxildir. Məhz belə olanda milli valyutamız da möhkəmlənər, həm də dinamik inkişaflı iqtisadiyyata nail olmaq olar".

   //milli.az