İƏT-dən Bundestaqa Xocalı mesajı

6-06-2016, 15:35
361

İƏT Almaniya parlamentinin "soyqırım" qərarını pisləyən bəyanat yayıb



İƏT-dən Bundestaqa Xocalı mesajıİslam Əməkdaşlığı Təşkilatı (İƏT) Almaniya parlamentinin  "erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarı qınayıb.  Təşkilatın İslam Konfransı Dialoq və İşbirliyi Gənclər Forumunun (İKGF-Dİ) yaydığı yazılı bəyanatda Xocalı soyqırımına diqqət çəkilib.

İKGF-Dİ rəhbəri  Elşad İsgəndərov qərarın tarixi həqiqətləri əks etdirmədiyini deyib.

"Ermənistanın 1992-ci ildə Azərbaycanın Xocalı qəsəbəsində törətdiyi soyqırım və 1915-ci il erməni silahlı qruplarının Anadoluda törətdiyi qanlı hadisələr Almaniya Bundestaqında heç vaxt qınanılmayıb. Almaniya parlamentinin verdiyi qərar isə ikili standartların nəticəsidir. Bununla onlar Türkiyəyə siyasi təsir göstərmək istəyirlər”, - deyə İƏT rəsmisi bildirib.


İyunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni "soyqırımı”nı səsverməyə çıxarıb.

Almaniya Bundestaqı qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib. Qətnamə  "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.

Türkiyə  və Azərbaycan Almaniya parlamentinin bu addımını kəskin şəkildə pisləyib.

   //ANS Press