"Ölkə rəhbərinin ŞƏT-in Zirvə görüşündə iştirakı ona yüksək ehtiramı göstərir"

4-07-2024, 01:42
242

Ölkə rəhbərinin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə fəxri qonaq qismində artıq ikinci dəfə iştirak etməsi Azərbaycana və Prezidentimizə olan yüksək ehtiramın və etimadın göstəricisidir.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli mətbuatın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitinə fəxri qonaq qismində qatılması və Qazaxıstan Prezidenti ilə ikitərəfli görüşü barədə sualları cavablandırarkən deyib.

O, qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərə böyük əhəmiyyət verir:

"Dövlətlərimiz arasında qardaşlıq münasibətləri və tarixi əlaqələr, istər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər qardaş ölkələrimiz arasında birgə əməkdaşlığın daha da dərinləşməsini labüd edir.

Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə mütəmadi səfərləri və eləcə də həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirən amillərdəndir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər, razılıqlar, birgə layihələr ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir. Bu xüsusda, Qazaxıstan Prezidentinin ölkəmizə cari ilin mart ayında səfəri zamanı iki ölkə arasında investisiya fondunun yaradılması haqqında razılıq prosesinin yekunlaşdırılaraq Astana görüşü zamanı dəyəri 300 milyon ABŞ dolları məbləğində fondun yaradılması barədə müqavilənin imzalanmasını xüsusilə vurğulamaq istərdik".

Bununla yanaşı, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində geniş tərəfdaşlıq perspektivləri iki ölkə liderləri tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır: "Beləliklə, Azərbaycan və Qazaxıstan liderləri arasında keçirilmiş Astana görüşü iki ölkə arasında çoxşaxəli əməkdaşlığa əlavə təkan verəcək.

Bununla yanaşı, ölkə rəhbərinin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə fəxri qonaq qismində artıq ikinci dəfə iştirak etməsi Azərbaycana və Prezidentimizə olan yüksək ehtiramın və etimadın göstəricisidir. ŞƏT-ə üzv dövlətlərin əksəriyyəti ilə Azərbaycanı yaxın dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri birləşdirir.

Azərbaycanın bölgəmizdə və daha geniş coğrafiyada inteqrasiya proseslərində əhəmiyyətli rolunu, Şanxay Əməkdaşlıq Təşkilatının işində yaxından iştirakını nəzərə alaraq, bu görüşlər və tədbirlərin ölkəmizin təşkilatda müşahidəçi statusu alması prosesinə əlavə təkan verəcəyinə əminik".