Elnur Allahverdiyev: "Azərbaycanda işsizlik olduqca aşağı səviyyədədir-MÜSAHİBƏ

19-03-2024, 15:03
815

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


"Azərbaycanın beynəlxalq aləmdə ciddi və pozitiv reputasiyası var"

Milli Məclisin deputatı Elnur Allahverdiyev Strateji.az-a müsahibəsini təqdim edirik:

- Elnur müəllim, VI çağırış Milli Məclisin sonuncu ilinə qədəm qoymuşuq. Yerdə qalan 4 ili necə qiymətləndirirsiniz? 

- Olduqca aktiv, məhsuldar və düşünürəm ki, istisnasız olaraq pozitiv. Son 4 il ümumiyyətlə, tariximizə qızıl hərflərlə yazılacaq dövrdür, modern tariximizin inkişaf, yüksəliş mərhələsidir. Təbii ki, ilk olaraq Vətən müharibəsindəki qələbəmizi və ərazi bütövlüyümüzün bərpasını qeyd etməliyik. Milli Məclisin qələbəmiz kontekstindəki fəaliyyəti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və diplomatiyasının tərkib hissəsidir. Bildiyiniz kimi, VI çağırış Milli Məclisi səciyyələndirən mühüm xüsusiyyətlərdən biri parlament diplomatiyasıdır. Torpaqlarımızın bütövlüyünün təmin olunmasından sonra bizə qarşı bəzi dövlətlərin parlamentlərində qeyri-obyektivlik müşahidə olunur. Bu neqativ tendensiyanı biz aktiv diplomatik fəaliyyətlə neytrallaşdıra bilərik ki, bu istiqamətdə də ciddi iş gedir.
Bununla yanaşı, VI çağırış Milli Məclisdə ictimai dinləmələrin keçirilməsini qeyd edə bilərəm. Cəmiyyət üçün aktuallıq kəsb edən müxtəlif məzmunlu məsələlərə həsr olunmuş dinləmələr vasitəsilə bir növ ictimai rəyin nəbzini tutmaq, həmçinin cəmiyyətin özünü məlumatlandırmaq olur. Bu, olduqca proqressiv yenilikdir.
Arxada qalan 4 ildən danışırıqsa, şübhəsiz ki, pandemiyanın yaratdığı çətinliklər fonunda VI çağırış Milli Məclisin bu böhrandan irəli gələn bir sıra iqtisadi və sosial xarakterli qanunların, yaxud qanunlara dəyişikliklərin qəbulu yönündə göstərdiyi fəal səyləri unutmamalıyıq. Hökumətin həm pandemiya dövründə, həm də sonrakı mərhələdə iqtisadiyyatda yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində uğurlu fəaliyyətinin qanunverici bazasının formalaşdırılması parlamentin üzərinə düşür. Bu gün iqtisadiyyatda izlənən sürətli yüksəliş həmin addımların uğurlu olduğunu göstərir. 

- Deputat kimi fəaliyyət dövrünüzdə hansı məqamları "möhür" olaraq qeyd edə bilərsiniz? 

- Cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyamızı Milli Məclisdə təmsil edən millət vəkillərinin qarşısında qoyduğu başlıca vəzifə seçicilərlə, vətəndaşlarla maksimum şəkildə ünsiyyətə nail olmaqdır. Bu yolla həm dövlətin həyata keçirdiyi siyasətin üstünlükləri və yaratdığı imkanların mahiyyətini sıravi vətəndaşa çatdırmaq, həm də onun qarşılaşdığı problemdən xəbərdar olub həllinə çalışmaq olar. Düşünürəm ki, bu, millət vəkilinin fəaliyyətində iki mühüm istiqamətdən biridir. Digəri isə təbii ki, qanunvericilik fəaliyyəti. Bu baxımdan, sualınıza cavabı konkretləşdirsək, təbii ki, təmsil etdiyim dairəninn sakinləri ilə sıx təması, onların qarşılaşdıqları problem və çətinliklərin icra orqanları qarşısında qaldırılması və mümkün qədər həllinə nail olunmasını qeyd edərdim.

- Ümumi götürəndə Vətəndaş deputatdan kömək istəyir, bəs vətəndaş deputata hansı dəstəyi göstərməlidir?

- Ötən 4 illik təcürbəmə əsaslanıb deyə bilərəm ki, millət vəkilinin təmsil etdiyi dairədə baş vermiş hər hansı yenilik, həyata keçirilmiş layihə və ya həll edilmiş problem deputatla seçicinin bir növ əməkdaşlığının nəticəsi olmalıdır. Mənə ünvanlanan müraciətlər içində dəfələrlə adi vətəndaşın qanunvericilik təşəbbüsü ilə çıxış etməsinin şahidi olmuşam. Düzdür, bu proses o qədər də professional səviyyədə deyil, ancaq vətəndaşın bu niyyəti alqışlanmalıdır. Bu, vətəndaşın malik olduğu siyasi dünyagörüşü və siyasi mədəniyyətin göstəricisidir. Məsələn, o, siyasi populizmə, yaxud belə deyək, “obıvatel” şikayətinə deyil, qanunvericilik prosesinə müraciət edir. Hesab edir ki, hər hansı sahədə mövcud olan konkret çətinliyi qanunvericilikdə həyata keçirilən dəyişikliklə yoluna qoymaq mümkündür.
Bu prizmadan yanaşsaq, düşünürəm ki, seçicinin deputata ən böyük dəstəyi yerlərdə mövcud olan hər hansı çətinlik barədə məlumat verməsi, təşəbbüs göstərməsidir. Ötən dövrdə bizim dairədə həm yerli, həm də mərkəzi icra orqanlarnın dəstəyi ilə bir sıra problemlər məhz bu düsturla həll olunub. Seçici mənə müraciət edib, mən icra orqanları qarşısında məsələ qaldırmışam və problem həllini tapıb. Küçələrin işıqlandırılması, asfalt örtüyünün yenilənməsi, bir sıra digər infrastruktur problemlərin həllinə nail olmuşuq. Bu barədə məlumatları sosial şəbəkələrdəki hesablarım vasitəsilə mütəmadi olaraq paylaşıram. Yeri gəlmişkən, seçicilərlə məhz sosial şəbəkələr vasitəsilə də fəal ünsiyyət baş verir, bir çox məsələlər məhz bu yolla aktuallaşdırılır.

- Üzv olduğunuz İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindən danışaq. Hansı yeniliklər müzakirə olunur?

- Komitəmizin fəaliyyət planı genişdir. Ayır-ayrı məsələlərə toxunmadan qeyd edə bilərəm ki, qəbul edilən qanunların, yaxud qanunlara dəyişiklərin böyük əksəriyyəti məhz İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunur. İstər ayrılıqda, istərsə də digər komitələrlə müştərək şəkildə. Müharibədəki qələbəmizdən və ərazi bütövlüyümüzü təmin etdikdən sonra ölkəmizin əsas gündəmi və trendi iqtisadiyyatdır. Qarabağda və Şərqi Zəngəzurda təmir-bərpa işləri ilə yanaşı miqyaslı iqtisadi quruculuq prosesi gedir, yeni iqtisadiyyatın, onun ayrı-ayrı sahələrinin əsası qoyulur. Bu bölgələrimiz ümumi iqtisadi məkanımıza reinteqrasiya olunur. Hökumət bu istiqamətdə intensiv iş görür. Bu isə təbii ki, komitəmizin də məhsuldarlıq əmsalına öz təsirini göstərir. Ümumiyyətlə qeyd edim ki, VI çağırış Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fəaliyyətini səciyyələndirən məqamlardan biri çoxlu sayda praktiki görüşlərin keçirilməsidir. Milli sahibkarlarla, iqtisadiyyatın müxtəlif sektorlarının təmsilçiləri, yerli istehsalçılarla. Bu, həm onların təşəbbüsləri və istəkləri ilə, həm də qarşılaşdıqları maneələrlə daha yaxından tanış olmağa və qanunverici prosesdə bunları nəzərə almağa imkan verir. 

- Hazırda ölkəmizdə sənaye sahəsinin inkişafı istiqamətində hansı işlər görülür? 

- Olduqca böyük layihələr həyata keçirilir. Həm ağır sənayedə, həm də yüngül sənayedə. Tək bir faktı qeyd edim ki, bu ilin ilk 2 ayında ÜDM istehsalının təqribən 40 faizi sənayenin payına düşüb. Bu, olduqca böyük rəqəmdir. Müasir dünyada güclü iqtisadiyyata iddia edən dövləti sənayesiz təsəvvür etmək mümkün deyil. Ancaq burada düşünürəm ki, bir məqama xüsusi önəm verilməlidir: dünyada baş verən texnoloji inkişaf və yeni trendlər. Məsələn, cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə istehsal prosesinin ekoloji cəhətdən təmiz vasitələrlə həyata keçirilməsi istiqamətində miqyaslı iş gedir və biz bu göstəricilərə görə dünyanın bir çox ölkələrindən irəlidəyik. Enerji istehsalının yaşıl enerji konsepsiyası əsasında əldə edilməsi üçün böyük səylər göstərilir. Başqa sözlə, biz bu gün ölkədə yeni dünyanın tələblərinə cavab verən sənaye qururuq. 

- Sənaye bütün dünyada gəlir gətirən sahədir. Hətta Hindistan bir müddətdir ki, məşhur yapon avtomobil markası ilə əməkdaşlıq edərək bir neçə modelini istehsal edir. Azərbaycanda belə bir perspektiv görünürmü? 

- Bilirsiniz, istənilən istehsal prosesinin, o cümlədən sənayenin son məqsədi hazırlanan məhsulun satışına nail olmaqdır. Ona görə də sənayemiz də bu iqtisadi qayda ilə qurulur. Hər hansı məhsulun dünyada bir neçə istehsalçısı və satıcısı varsa, onlar bazarda öz yerlərini tutublarsa, təbii ki, eyni təmayüllü məhsulun istehsalı özünü doğrultmaya bilər. Bu baxımdan düşünürəm ki, hansısa ölkənin getdiyi yolu təkrarlamaq kimi siyasət uğurlu nəticəyə təminat verə bilməz. Azərbaycanın siyasətdə olduğu kimi, iqtisadiyyatda da öz yolu var. Ölkəmizdə olduqca savadlı, proqressiv, qabaqcıl, dünyadakı trendlərdən xəbərdar olan milli sahibkarlıq formalaşıb. Sahibkarların əhəmiyyətli qismi cavan şəxslərdir, gənclərdir. Onlar nəyi istehsal etməyi yaxşı bilirlər. Dövlətin tutduğu xətt özəl sektorun fəaliyyətini stimullaşdırmaqdır, təşfiq edilən siyasət budur. Özəl sektor da öz növbəsində bazardakı tələb-təklifin nəbzini tutur, nəyə ehtiyac olduğunu bilir.
- Sanki, ölkəmizdə sənaye anlayışı tam formalaşmayıb, halbuki illər öncə SSRİ məkanında adımız ön sıralarda çəkilirdi...

- Razı deyiləm, Sumqayıt Texnoloji Parkında istehsal edilən məhsulların çeşidi ilə yaxından maraqlanmağınızı məsləhət görərdim. Yaxud işğaldan azad olunmuş bölgələrimizdəki azad iqtisadi zonalarda rezident statusu alan şirkətlərin fəaliyyət istiqamətləri ilə. Fikrimcə, mənzərə fərqlidir…

- Sahibkarlığın inkişaf etməsi üçün yeni təkliflər planı hazırlanırmı?

- Bu istiqamətdə mütəmadi iş gedir. Öncəki sualınıza cavabımda da dedim ki, dövlət aktiv şəkildə milli sahibkarlığın fəaliyyətinə dəstək verir. Bu, həm dövlətin yükünün azalması deməkdir, həm keyfiyyətli məhsulun dünya bazarına çıxarılması, həm də vətəndaşların müxtəlif sahələrdə məşğulluq probleminin həllinə tövhə. Biz Milli Məclisdəki fəaliyyətimiz çərçivəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq özəl sektorun müxtəlif sahələrinin təmsilçiləri ilə tez-tez görüşüb bu kimi məsələləri müzakirə edirik. Bank sektoru, trikotajla məşğul olan sahibkarla məhsuldar görüşlərimiz olub. Bu yaxınlarda KOBİA-da maraqlı müzakirələrimiz oldu. Bu təmaslar vasitəsilə onları maraqlandıran, narahat edən məqamlardan xəbərdar oluruq. 

- Elnur müəllim, bildiyimizə görə idmana böyük həvəsiniz var. Hətta deputat seçildiyiniz ərazidə bir neçə mini-futbol stadionu inşa etdirmisiniz. Amma sizi idman yarışlarında az-az görürük...

- Bəli, Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Bələdiyyəsi və sosial tərəfdaşlarımızın köməkliyi ilə dairəmizin ərazisində, üç müxtəlif məhəllədə mini-stadionların tikilməsinə nail olmuşuq. Bu, təbii ki, həmin məhəllədə, hətta qonşu küçə və binalarda uşaqların futbola, idmana marağının artmasına səbəb olub. Özüm tez-tez maraqlanıram, meydançada demək olar boş, azad vaxt olmur. Fikrimcə, bu, balalarımızın sağlam həyat tərzi sürmələri üçün çox vacibdir. Bundan əlavə, sakinlərimiz arasında idmana həvəs göstərən, professional səviyyədə məşğul olmaq istəyənlərin həvəsləndirilməsi üçün müəyyən layihələri də həyata keçiririk. Gənc sakinlərimiz arasında Avropa çempionları, müxtəlif yarışların qalibləri var.
Özümlə bağlı isə deyə bilərəm ki, parlamentdə Gənclər və idman komitəsinin üzvüyəm. Gənclərimizin idmana həvəsinin artması üçün Milli Məclis sədrinin müavini, hörmətli Adil Əliyevin təşəbbüsü ilə həyata keçirilən layihələrdə, tədbirlərdə iştirak etməyə çalışıram. 

- Ən çox idmanın hansı növünü seyr etməyi və məşğul olmağı sevirsiniz? 

- Futbolu izləyirəm, “Qarabağ” komandasının Avropadakı uğurlarına hamı kimi mən də sevinirəm. Formula-1 yarışlarının Bakı etapını hər il səbirsizliklə gözləyirəm. Ümumiyyətlə, idman növlərinə o qədər də fərq qoymuram, əsas odur bizim idmançımız, yaxud komandamız çıxış etsin, biz isə azarkeşlik edək, dəstək verək.

- Hazırda gənclərin iş tapması, inkişafı üçün planlar müzakirə olunurmu? 

- Tək gənclərin deyil, ümumiyyətlə, əhalinin məşğulluğu dövlətin, hökumətin daima diqqətində olduğu məsələdir. Azərbaycanda bildiyiniz kimi, işsizlik olduqca aşağı səviyyədədir. Təbii ki, biz də komitədə bu mövzunu tez-tez müzakirə edirik, əsasən də keçirilən görüşlər zamanı, məsələn, iş adamları ilə müzakirələrdə. Çünki bu gün özəl sektorun fəaliyyətinin genişlənməsi, yerli sahibkarların güclənməsi, iri şirkətlərimizin, istehsal sahələrimizin yaranması yeni-yeni yüksək məvacibli iş yerləridir. Belə iş yerlərində yüksək texnoloji yeniliklərin tətbiqi prosesi müasir təhsilli, dünyagörüşlü işçi qüvvəsi tələb edir. Bu qüvvə də təbii olaraq bizim gənclərdir.
Bilirsiniz, ümumiyyətlə, mən bu mövzuya o yöndən yanaşıram ki, yüksək ixtisasa və qabiliyyətə malik insan işsiz qala bilməz. İstəsə belə. Çünki ona daima tələbat, ehtiyac var. Bu baxımdan, gənclər özləri də öz üzərlərində işləməli, təkmilləşməlidirlər, bir yerdə dayanmamalıdırlar, çünki dayandınsa, geri qalırsan. 

- Beynəlxalq əməkdaşlıq istiqamətində vəziyyət necədir? 

- Hansı sahəni nəzərdə tutursunuz?

- Milli Məclisdə…

- Dediyim kimi, VI çağırış Milli Məclisi fərqləndirən cəhətlərdən biri intensiv diplomatik fəaliyyətdir. Parlament diplomatiyası çərçivəsində hər bir millət vəkili kimi mən də işgüzar təmasda olduğum xarici həmkarlarımla fəal fikir mübadiləsi aparmağa çalışıram. Rəhbəri olduğum Azərbaycan-Çexiya parlamentlərarası işçi qrupu çərçivəsində çexiyalı həmkarlarımızla görüşlər keçirir, həm ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparırıq, həm də ölkəmizdə baş verən proseslər barədə çex cəmiyyətinin məlumatlandırılmasına çalışırıq. Ötən il çexiyalı həmkarlarımızın ölkəmizə səfərləri çərçivəsində işğaldan azad edilmiş Ağdam şəhərində olduq, Ermənistanın törətdiyi vəhşilikləri öz gözləri ilə gördülər.
Bundan əlavə, GUAM Parlament Assambleyası çərçivəsində tərəfdaşlarımızla sıx əlaqədəyik. Bu il bildiyiniz kimi, GUAM PA-da sədrlik Azərbaycana keçib. Bu müstəvidə də aktivik, çalışırıq pandemiyadan sonra ilk dəfə olaraq görüşlərimizi onlayn formatdan çıxaraq. İstərdik qurum daxilindəki tərəfdaşlarımız, həmkarlarımız da Qarabağı, Şərqi Zəngəzuru öz gözləri ilə görsünlər. Bir sözlə bu istiqamətdə işlərimiz davam edir.

- Son dönəmlərdə bəzi xarici qüvvələrin xoşagəlməz fikirləri haqda nə deyə bilərsiniz? 

- Bilirsiniz, bütün bunlar olub və olacaq. Birincisi, dünya dinamikdir, iri dövlətlərin və güc mərkəzlərinin siyasi, iqtisadi, təhlükəsizlik maraqları var. Onlar bu maraqlarını kiçik dövlətlərin hesabına təmin etməyə çalışırlar. Bu, tarix boyu belə olub. Hansı dövlət ki öz milli maraqlarını, xalqının mənafeyini üstün tutub müstəqil siyasətini yürüdür, bəzi fövqəlqüvvələri narahat edir, qıcıqlandırır. Azərbaycan bütün fəaliyyət istiqmətlərində müstəqildir. Ona görə də fərqli tribunalardan bizə qarşı qarayaxmalar, təzyiq cəhdlərinin olmasını təbii qəbul etmək lazımdır. Nə edirlər, cavablarını alırlar. 

- Aİ-nin Azərbaycana qarşı olan hazırkı mövqeyini necə xarakterizə edərdiniz?

- Elə əvvəlki sualınıza cavabımı bu suala cavab kimi də qəbul edə bilərsiniz. Yaranarkən Avropa İttifaqının əsas missiyası ölkələrin bir-birilərinə yaxınlaşması, inteqrasiyasına nail olmaq idi. İndi bu təşkilat iki-üç üzvünün əlində oyuncağa, dəyənəyə çevrilib və ilkin missiyasından, hədəflərindən xeyli uzaqlaşıb. Bizə qarşı qərəzli, qeyri-obyektiv yanaşmasının səbəblərinə artıq toxundum. Eyni səbəb, eyni ssenaridir.

- Beynəlxalq əməkdaşlıq istiqamətində yaxın gələcək nə vəd edir? 

- Azərbaycanın beynəlxalq aləmdə ciddi və pozitiv reputasiyası var. Bütün bunların əsasında cənab Prezidentin düşünülmüş, tarazlaşdırılmış, praqmatik siyasəti durur. Əslində, bizim dünyadakı yerimiz və nüfuzumuzun göstəricisi Vətən müharibəsindəki qələbəmiz və ondan sonra izlədiyimiz diplomatik mübarizədir, bu mübarizənin nəticələridir. Bizim xarici siyasətimiz çoxverktorludur, dostlarımız çoxdur, münasibətlərimiz səmimi və möhkəmdir. 

- Azərbaycana qarşı olan qeyri-obyektiv yanaşma nə vaxt bitəcək?

Qeyd etdiyim kimi, siyasət daimi prosesdir. Bir hədəfə nail olunur, qarşıya digəri qoyulur. Bizim müstəqil siyasətimiz suverenliyimizə, iqtisadi imkanlarımıza göz dikən qüvvələri hər zaman qıcıqlandıracaq. Bu, bizi narahat etməməlidir. Həyat mübarizədir. Azərbaycan artıq dünyada yeri və nüfuzu olan dövlətdir. Dövlətimiz güclüdür, iqtisadiyatımız, ordumuz, intellektual potensialımız var. Xalqımız birdir, həmrəydir. Liderimiz müdrikdir, uzaqgörəndir, xalqını himayə edəndir, dövlətin maraqlarını hər şeydən üstün tutan rəhbərdir. Ona görə də bu qeyri-obyektivlik bizi qorxuda, tutduğumuz yoldan yayındıra bilməz.

//Ağa Dadaşzadə, Strateji.az