Onlar Türkiyəni ürəyindən vurdular

7-03-2016, 11:06
339

Onlar Türkiyəni ürəyindən vurdularTürkiyə Silahlı Qüvvələri Baş Qərargahının binası, Quru qoşunlarının, Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələrinin korpusları, ölkə parlamenti və Daxili İşlər Nazirliyi Türkiyə paytaxtı Ankaranın Kızılay rayonunda yerləşir. Başqa sözlə, bura dövlətin ürəyidir. Türkiyə hələ də fevralın 17-də məhz bu rayonda, sadalanan obyektlərin cəmi 200 metrliyində törədilmiş terror aktının şokunu yaşayır. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hərbi personalını aparan nəqliyyat vasitəsi işıqforun qırmızı işığında dayanan zaman onun yaxınlığında minalanmış avtomobil partladılıb. Nəticədə, 29 nəfər həlak olub, 60-dan artıq insan yaralanıb.

Terror aktından dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu hücumu törətməkdə şübhəli bilinən terrorçunun adını çəkiblər. Bu, suriyalı Salih Necardır. Necar Suriya kürdlərinin "Demokratik İttifaq" partiyası (PYD) və onun hərbi qanadı olan xalq özünümüdafiə qüvvələrilə (YPG) əlaqədə şübhəli bilinir.
PYD lideri Salih Müslim isə rəhbərlik etdiyi təşkilatın baş verənlərə heç bir aidiyyətinin olmadığını deyib: "Ankarada törədilmiş terror aktının bizimlə heç bir əlaqəsi yoxdur".
Bunun ardınca bir vaxtlar Kürd Fəhlə Partiyasından (PKK) qopmuş "Kürdüstan Azadlıq Şahinləri" (KAŞ) terror təşkilatı baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb. Terrorçuların bəyanatında bildirilir ki, terror aktını Abdulbaki Somer adlı şəxs törədib.
Türkiyə rəhbərliyi bütün diqqəti terror hücumunun məhz Suriya kürdlərinə məxsus hərbi qüvvələr tərəfindən törədildiyinə çəkir. Bu versiyaya görə, hücuma səbəb kürdlərin Suriya ərazisindəki mövqelərinin bombardman edilməsidir. Qeyd edək ki, Türkiyə onların mövqelərini öz sərhədləri yaxınlığında daha bir kürd rejiminin qurulmasını önləmək üçün atəşə tutur. Terror aktından cəmi 1 gün əvvəl BMT Təhlükəsizlik Şurası yekdilliklə Türkiyəni PYD-nin Suriya ərazisindəki mövqelərinin bombardmanını dayandırmağa çağırmışdı. Lakin terror hücumu, PYD-nin terror təşkilatından başqa bir şey olmadığını deyən Ankaranın mövqelərini gücləndirib. Türkiyə qərbli tərəfdaşlarından fərqli olaraq, PYD-ni lap əvvəldən PKK və ya İŞİD kimi terror təşkilatları ilə eyni cərgəyə qoyub.
Təbii ki, bu terror hücumu Türkiyədə sabitliyin pozulmasına yönəlmiş aksiyadır. Terror aktına görə məsuliyyəti KAŞ öz üzərinə götürsə də, Ankaranın YPG ilə bağlı şübhələri terrorçunun Türkiyə sərhədini məhz kürd yaraqlılarının nəzarətində olan hissədən keçməsinə əsaslanır.
Bundan başqa, terror aktının təşkilində Suriya xüsusi xidmət orqanları da ittiham olunur. İddialara görə, KAŞ və digər radikal solçu yarımhərbi birləşmələri məhz Suriya xüsusi xidmət orqanları maliyyələşdirir. Məsələn, 3 il əvvəl Türkiyənin Hatay əyalətinin Reyhanlı şəhərciyində 51 nəfərin ölümünə səbəb olmuş terror aktı törədilən zaman hücumun arxasında Suriya xüsusi xidmət orqanlarının dayandığı iddia olunurdu. Bildirilirdi ki, məhz onlar terrorçulara müvafiq maddi-texniki dəstək verir, maliyyə yardımı göstərir. İndi Ankara terrorunun təşkilində də Suriya xüsusi xidmət orqanlarının eyni rola malik olduğu iddia edilir.
Ankarada terror aktının Türkiyə Böyük Millət Məclisi binasının lap yaxınlığında törədilməsi, hədəf kimi isə hərbçiləri aparan avtobusun seçilməsi Türkiyəyə ünvanlanmış "qara xəbərdarlıq"dır. Bu mənada iddia etmək olar ki, hücumun məhz xarici xüsusi xidmət orqanlarının iştirakı olmadan baş tutması inandırıcı deyil. Çünki hökumət binalarının sıx yerləşdiyi bu ərazi fasiləsiz olaraq Türkiyə təhlükəsizlik orqanlarının ciddi nəzarətindədir.
Terror aktının Türkiyə xüsusi xidmət orqanları tərəfindən əngəllənə bilməməsi isə ölkənin özündə tənqidlərə yol açmalıdır. Yəni əgər hər hansı terror aktı planı həyata keçirilə bilirsə, xüsusi xidmət orqanlarının zəifliyi birmənalıdır.
Baş nazir Davudoğlu terror aktından sonrakı bəyanatında Ankara üçün yeni təhlükəsizlik konsepsiyasının hazırlandığını xatırladıb. Onun əsasını polis və digər təhlükəsizlik orqanlarının mövcudluğunun daha nəzərəçarpan olması təşkil edir. Başqa sözlə, Ankarada hadisə yerində əsasən mülki geyimli polis əməkdaşları xidmət aparırdısa, indi uniformadakı təhlükəsizlik qüvvələrinin sayının artırılması nəzərdə tutulur. Bu, terrorçuların qarşısının alınması baxımından effektiv olmalıdır.
Türkiyə hökumətini Ankaranın yeni təhlükəsizlik konsepsiyasını hazırlamağa vadar etmiş əsas amil PKK qüvvələrinin kəndlərdəki mövqelərini şəhərlərə dəyişməyə başlamasıdır. Bu mənada Türkiyə PKK yaraqlıları ilə şəhər şəraitində müharibə aparmaq riski ilə qarşı-qarşıyadır. Əvvəlcə Türkiyə qarşısına PKK qüvvələrini şəhərlərdən (Diyarbəkir, Şırnak) kəndlərə sıxışdırmaq məqsədi qoymuşdu. Lakin bütün əlamətlər göstərir ki, PKK və törəmələri savaşı şəhər mərkəzlərində davam etdirmək arzusundadır.
Beynəlxalq birliyin yaşananlara reaksiyasına gəlincə, bu terror aktını Fransada törədilmiş terror hücumu ilə müqayisə etmək yerinə düşərdi. Parisdə bu yaxınlarda ard-arda törədilmiş terror aktlarından sonra bütün dünya terrorla mübarizədə həmrəylik nümayiş etdirirdi. Ankara və Parisdəki terror aktlarının oxşarlığı onların hər ikisinin suriyalı miqrantlardan olan fanatların yardımı ilə reallaşdırılmasındadır. İki hadisənin fərqli cəhətisə Ankaradakı partlayışın arxasında xalq özünümüdafiə qüvvələrinin dayanmasıdır.
Fransa paytaxtındakı partlayışlardan sonra dünya "radikal islamçı" qruplaşmalardan gələn təhlükəni anlamış, terrora qarşı həmrəy mövqe ortaya qoymuşdu. YPG-nin hücumundan sonra isə dünya liderləri eyni həmrəyliyi nümayiş etdirmir. Çünki dünya birliyi yalnız radikal islamçıları əsl terrorçu sayır. Görünür, beynəlxalq ictimaiyyət YPG və PYD-ni terrorçu təşkilat kimi tanısa da, PYD istəyinə nail olanadək Türkiyədən əl çəkməyəcək.
Beynəlxalq birliyin baş verənlərə reaksiyasından danışan zaman daha bir vacib məqama diqqət yetirmək lazımdır. Bu məqam özünü Rusiya hökumətinin terror aktı ilə bağlı verdiyi başsağlığında göstərib. Rusiya Xarici İşlər Nazirliyinin saytında yer almış və bilavasitə "Türkiyə xalqına" ünvanlanmış bəyanatda deyilir: "Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk". Demək, Rusiya-Türkiyə münasibətləri hələ uzun müddət gərgin olaraq qalacaq. Başsağlığının mətnində müraciətin Türkiyə hökumətinə deyil, birbaşa xalqa ünvanlanması ikitərəfli münasibətlərin həlli üçün imkanların olmadığını göstərir.
Sonda bir iddia da irəli sürmək olar: Ankarada törədilmiş terror aktının siyasi səbəbi Türkiyənin Suriya siyasətidir. Hücumun digər siyasi səbəbləri kimi rəsmi Ankaranın PYD-nin rolunu düzgün qiymətləndirə bilməməsini, onun Fırat çayının qərb sahilinə keçəcəyi təqdirdə, quru qoşunlarından istifadə etməyə hazır olduğunu söyləməsini göstərmək olar.
Ümumiyyətlə, Türkiyənin hələ 2012-ci ildə quru əməliyyatlarına başlamağa qərar verə bilməməsi regionda hadisələrin onun üçün son dərəcə mənfi istiqamətdə inkişaf etməsinə yol açıb. Əgər 2012-ci ildə Türkiyənin başçılığı ilə Suriyada təhlükəsizlik dəhlizi yaradılsaydı, bu gün Türkiyə miqrantlarla bağlı problemlə üzləşməz, PYD isə sərhəd zonada güclənə bilməzdi.
Maraqlıdır ki, Suriyada qiyamın başladığı ilk anlardan Əsədi istəməyən ABŞ nəinki 2012-ci ildə Türkiyənin təhlükəsizlik dəhlizi yaratmaq istəyilə bağlı mövqe ortaya qoymayıb, indinin özündə də bölgədə quru əməliyyatlarına başlanmasına xüsusi meyil göstərmir. Üstəlik, 2012-ci illə müqayisədə hazırkı şəraitdə quru əməliyyatlarının aparılması daha çətindir. Məsələn, bu gün Türkiyə Suriya sərhədində faktiki olaraq, Rusiya ilə qonşudur. Odur ki, regional konyunkturun dəyişməsi üzündən Ankara Suriya ilə bağlı yeni siyasət düşünməlidir.
"Region Plyus"