İrəvan Kremlə qarşı “qırmızı cizgiləri” keçir: Paşinyan niyə Brüsselə “qaçır”

31-08-2022, 15:59
334

BUGUNBİLDİM.COM



Baş nazir Nikol Paşinyan ümid edir ki, Rusiyanın vasitəçiliyindən uzaqlaşa bilərsə, Brüssel prosesində Ermənistandan üçtərəfli anlaşmaların icrasını tələb etməyəcəklər... Rəsmi Bakı Ermənistana belə "hiyləgər oyunlar"la fərqli situasiya yaratmaq imkanı verməz, üçtərəfli anlaşmaların pozulması savaşın bərpasına səbəbdir, Azərbaycan ordusu hərəkətə gələrək, yarımçıq qalmış işi yekunlaşdıra bilər...

Nəzər Media.az "yeni müsavat"a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında avqustun 31-də keçirilməsi planlaşdırılan görüş diqqət mərkəzindədir. Bu görüşün Cənubi Qafqazda sülh prosesinə necə təsir göstərəcəyi maraq doğurur. Və bu səbəbdən də görüşdən əvvəl mülahizələrin çoxluğu qətiyyən gözlənilməz deyil.

Onu da qeyd etmək lazımdır ki, növbəti Brüssel prosesi artıq başlayıb. Belə ki, görüş ərəfəsində Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla telefonla bu görüşü müzakirə ediblər. Rusiya və Ermənistan arasında münasibətlərin çatların dərinləşdiyi indiki situasiyada Kreml sahibinin erməni baş nazirlə söhbətinin gərgin atmosferdə keçmə ehtimalı qətiyyən istisna deyil.

Xüsusilə də, erməni baş nazirin son vaxtlar həm Rusiyanın, həm də Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti dislokasiya olunmuş rus sülhməramlıların ünvanına ittihamlar səsləndirməsi Kremldə ciddi narazılıq doğurub. Üstəlik, baş nazir Nikol Paşinyanın Ermənistan cəmiyyətində Kremlin əleyhinə total propoqandanın aparılması fonunda Rusiyadan uzaqlaşma cəhdlərini intensivləşdirməsi şimal dövlətində əlavə qıcıq yaradır. Və böyük ehtimalla Kreml sahibi Rusiyanın maraqlarına cavab verməyən növbəti Brüssel görüşü ərəfəsində erməni baş nazirə proflaktik mesajlar verməyə ehtiyac duyub.

Eyni zamanda, Brüssel görüşü ərəfəsində Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel də xüsusi fəallığı ilə seçilir. Belə ki, Ş.Mişel də həm Azərbaycan Prezidenti, həm də Ermənistan baş naziri ilə telefon müzakirələri aparıb. Ola bilsin ki, Brüssel görüşünün əsas vasitəçisi rolunda çıxış edən Ş.Mişeli də narahat edən müəyyən məqamlar ortaya çıxıb. Hər halda, Kreml sahibi V.Putinin Brüssel görüşü ərəfəsində erməni baş nazirlə müzakirələr aparması belə, analoji narahatlığa səbəb rolunu oynaya bilər.

Məsələ ondadır ki, Rusiya siyasi dairələrində Ermənistanın hər an xəyanətə hazır olduğuna o qədər də şübhə etmirlər. Rəsmi İrəvan da son davranışları ilə Kremli haqlı çıxartmağı bacarıb. Və bəzi Rusiya KİV-lərinin məlumatlarından belə anlaşılır ki, Kremldə erməni baş nazirin Qərblə daha yaxın münasibətlər üçün istənilə imkandan faydalana biləcəyini düşünməmiş deyillər.

Təbii ki, Cənubi Qafqazda yaranmış indiki situasiya qətiyyən Rusiyanın maraqlarına uyğun deyil. Ukrayna savaşı ucbatından olduqca ciddi beynəlxalq problemlərlə üzləşən, sanksiyalar nəticəsində sarsıdıcı maliyyə-iqtisadi zərbələrlə üzləşən Rusiyanın bu regiondakı mövqeləri də ciddi şəkildə zəifləmiş kimi görünür. Və Rusiyanın belə bir əlverişsiz situasiya ilə üzləşdiyi dönəmdə növbəti Brüssel görüşünün keçirilməsi Kreml üçün əlavə siyasi-diplomatik gərginlik yaradır.

Üstəlik onu da nəzərə almaq lazımdır ki, Brüsseldə keçirilməsi planlaşdırılan görüşün buna qədər elə həmin tarixdə məhz Moskvada prezident V.Putinin vasitəçiliyi baş tutacağı Kremlə yaxın siyasi dairələr tərəfindən böyük əminliklə elan edilmişdi. Ancaq sonradan nə baş verdisə, bu görüşün Moskvada deyil, Brüsseldə keçiriləcəyi məlum oldu. Prezident V.Putinin yalnız Ermənistan baş naziri N.Paşinyana zəng etməsi isə Kremlin, Rusiyanın beynəlxalq imicini növbəti dəfə zədələyən bu dəyişikliyin günahını rəsmi İrəvanda gördüyünü düşünməyə əsas verir.
Ətraflı

Məsələ ondadır ki, rəsmi Bakı üçün görüşün Brüsseldə və ya Moskvada keçirilməsinin elə bir prinsipial əhəmiyyəti yoxdur. Azərbaycanın konkret hədəfləri var və beynəlxalq hüquq normalarına istinad edir. Eyni zamanda, rəsmi Bakı üçün 44 günlük II Qarabağ savaşından sonra imzalanmış üçtərəfli anlaşmalar xüsusi önəm kəsb edir. Və Azərbaycan həmin anlaşmaların qeyd-şərtsiz icra olunmasında israrlı mövqe tutur.

Təbii ki, bu baxımdan, görüşün Moskvada keçirilməsi rəsmi Bakı üçün hər hansı problem yaratmır. Əksinə, Rusiya da üçtərəfli anlaşmaların icrasında israrlı olduğunu qətiyyən gizlətmədiyindən Azərbaycanın maraqlarına hər hansı təhlükə gözlənilmir. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün öncə Cənubi Qafqazda sülhün və sabitliyin yaranmasının üçtərəfli anlaşmaların icrasından birbaşa asılı olduğunu vurğulayıb.

Ancaq bütün bunlar hazırda Ermənistanın maraqlarına qətiyyən cavab vermir. Rəsmi İrəvan üçtərəfli anlaşmaların icrasından yayınmaq üçün bütün imkanlardan yayınmağa can atır. Hətta Ermənistanın Rusiya ilə narazılığın təməlində də əsasən üçtərəfli anlaşmalardan yayınma cəhdlərinin olduğu qətiyyən şübhə doğurmur. Və bu baxımdan, prezident V.Putinin yalnız erməni baş nazirə telefon zəngi etməsi o qədər də təəccüblü görünmür.

Belə anlaşılır ki, rəsmi İrəvan üçtərəfli anlaşmaları icra etməmək üçün bunun əksini tələb edən Rusiyadan məsafə saxlamağa çalışır. Daha dəqiq desək, erməni baş nazir Moskvadan Brüsselə qaçmağa can atır. Baş nazir Nikol Paşinyan ümid edir ki, Brüssel prosesində ondan üçtərəfli anlaşmaların icrasını tələb etməyəcəklər. Ona görə də, sülh danışıqları prosesinin Kremlin nəzarətindən çıxarılıb, Brüsselin vasitəçiliyinə keçməsinə cəhd göstərir.

Ancaq bu məsələdə rəsmi İrəvanın ciddi səhvə yol verdiyini elə əvvəlcədən vurğulamaq mümkündür. Çünki, üçtərəfli anlaşmaların icrasını yalnız Kreml deyil, rəsmi Bakıda tələb edir. Görüşün harada keçirilməsindən asılı olmayaraq, rəsmi Bakının bu mövqeyinin dəyişə biləcəyi qətiyyən gözlənilmir. Və Ermənistanla müqayisəolunmaz səviyyədə güclü olan Azərbaycan rəsmi İrəvana belə "hiyləgər oyunlarla" fərqli situasiya yaratmaq imkanı verməz.

Əksinə, rəsmi İrəvan belə manevrlərlə ilk növbədə Ermənistanı təhlükə altında buraxır. Belə ki, bir tərəfdən Ermənistanın Rusiya ilə münasibətlərində problemlər daha da dərinləşir. Kremlin Paşinyan hakimiyyətinə qarşı qəzəbi artaraq, böyüyür. Və buna nə vaxtsa, mütləq cavab vermək lazım gələcək.

Digər tərəfdənsə, Ermənistanın üçtərəfli anlaşmaların icrasından yayınmaq cəhdləri Azərbaycana hərbi əməliyyatları bərpa etmək hüququ qazandırır. Çünki, II Qarabağ savaşı məhz 10 noyabr üçtərəfli anlaşmasının imzalanması nəticəsində dayandırılmışdı. Əgər, rəsmi İrəvan həmin sənədlə öz üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışacaqsa, deməli, anlaşma pozulmuş olacaq. Bu haldasa, hələlik səbirli davranmağa çalışan rəsmi Bakı Azərbaycan ordusunu hərəkətə gətirərək, yarımçıq qalmış işi yekunlaşdırmaq qərarı da verə bilər.