Amerika Yəhudi Komitəsinin İdarə Heyətinin toplantısında Azərbaycanın strateji əhəmiyyətindən bəhs olunub

24-02-2016, 15:21
333

Amerika Yəhudi Komitəsinin İdarə Heyətinin toplantısında Azərbaycanın strateji əhəmiyyətindən bəhs olunubABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarından biri sayılan Amerika Yəhudi Komitəsi (AYK) tərəfindən Mayami şəhərində keçirilmiş İdarə Heyətinin (Board of Governors of the American Jewish Committee) illik konfransının çıxışçıları arasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da olub. Bu əlamətdar tədbirin plenar toplantılarından birinin qonağı olmuş azərbaycanlı diplomat təşkilatın icraçı direktoru Devid Harrisin moderatorluq etdiyi və o cümlədən Bolqarıstan və Uruqvayın ABŞ-dakı səfirlərinin qatıldığı paneldə məruzə ilə çıxış edib. 500 nəfərin qatıldığı bu tədbirdə ABŞ Konqresinin üzvləri, Florida ştatının rəsmiləri, Mayami şəhərinin meri və yerli ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər.

Toplantının açılış hissəsində AYK-in icraçı direktoru D.Harris Azərbaycanın regionda oynadığı strateji rol və malik olduğu əhəmiyyətdən söz açıb və Azərbaycan rəhbərliyinin qlobal tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində çalışdığını bəyan edib.

Azərbaycan diplomatı öz növbəsində regionumuzdakı son vəziyyət barədə fikirlərini bölüşüb, cəmiyyətimizdə dərin kök salmış dini tolerantlıq mühiti haqqında məlumat verib və ölkəmizin qətiyyətlə ekstremizm, separatizm və radikalizmə qarşı çıxdığını söyləyib. O, Azərbaycanın bir tolerantlıq nümunəsi olaraq, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verdiyini vurğulayıb və xüsusilə yəhudi icmasının cəmiyyətimizdə digər icmalarla birlikdə əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşadığını bildirib.

ABŞ-ın ən aparıcı yəhudi təşkilatları tərəfindən Azərbaycana göstərilən diqqət ölkəmizə verilən dəyərin göstəricisi kimi qəbul edilə bilər.

Qeyd edək ki, AYK-in icraçı direktoru D.Harris 2012-ci ildə prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif olunub.

   //AzərTAc