Fərda Amin ilk dəfə sevgisindən danışdı: "Mənə dedi ki... səni aldadıram"

26-10-2015, 16:54
358

Fərda Amin ilk dəfə sevgisindən danışdı: "Mənə dedi ki... səni aldadıram" Nəzər Media.az Fərda Aminin show.az-a müsahibəsini təqdim edir:

- Fərdanı necə xarakterizə edək?

- Hərdən mənə deyirlər ki, "sən kənardan çox özündənrazı kimi görünürsən, amma səni tanıdım, fikrim dəyişdi". Mənə kimsə "siz", ya da "Fərda müəllim" deyəndə birtəhər oluram. Bir baxın, hamımız Allaha üz tutanda deyirik: "Ay Allah, sən özün bizə kömək ol". Demirik ki, siz bizə kömək olun. Yəni Allahdan uca heç nə yoxdur, bəndə kimdir ki, özünə "siz" dedizdirə?

- Səni tanıyandan bilirəm ki, Fərda bütün uğurlarına həmişə əzab-əziyyətlə çatıb. Heç asan işin olmadı?

- Heç kim deyə bilməz ki, Fərdanı mən Fərda etmişəm. Ona yaşıl işığı mən yandırmışam. Çox şükür, özümü şanslı insan sayıram. Özümdəki qabiliyyəti bilirəm mən... Onu da bilirəm ki, bugünkü yerimdən çox yüksəkdə ola bilərdim və olmalıydım da... Çox qəribədir ki, mən bu yaxınlarda adımın mənasını öyrəndim. Sən demə, "Fərda - qiyamət günü sorğuya tək çağırılacaq adam" demək imiş... Demək, Tanrı mənim taleyimi belə yazıb. Bütün çətinliklərə heç kimin köməyi olmadan, təkbaşına, öz gücümə sinə gərməliyəm. İnanın, həmişə də çalışmışam səviyyəli iş görüm. Ay nə bilim, artıq məni tanıyırlar deyə "xaltura" etmək mənlik deyil.

- Amma Fərdanın tənqidi tərifdən daha çox olub.

- O tənqidlərə daha çox mətbuatda rast gəlirdim. Halbuki, mən gecə-gündüz çalışırdım. Səhərə qədər yatmırdım. Fikirləşirdim ki, nəsə sanballı iş görüm. Mən sənətimdə adımdan tutmuş qonşularıma kimi hamını düşünərək addım atmışam. Əgər biz müasir yumordan danışırıqsa, bunun bariz nümunəsi kimi Rusiya yumorunda olan "qurşaqdan aşağı" zarafatlardır. Amma biz zarafatlarımızda da mentaliteti qoruduq. Hələ mən o zarafatları etmədim, gör onda nə deyərdilər. Kimə ki o zarafatlar xoş gəlir, onu müasir sayırlar, qoy saysınlar. Mən belə yumoru qəbul etmirəm.

- Böyüdüyün mühitdə çərçivə, məktəbdə çərçivə, yaşam tərzində çərçivə, yumorda çərçivə... Lap Çexovun "Qılaflı adam"ını xatırladım.

- Məncə, çərçivə olmalıdır axı. Özü də qəribəsi bilirsiz nədir? O çərçivəni mən özüm elə istəyirəm. Mənim rollarım ancaq səhnədədir. Həyatda rol oynayan insanlardan zəndeyi-zəhləm gedir. Elələrini görməyə gözüm yoxdur. Kişinin bir sifəti olar. Yaxud da xanım olsun. Tərbiyə başqa bir şeydir, çərçivə başqa... Hər kəs rol oynayaraq özünü el gözündə tərbiyəli apara bilər. Amma bunun sonrası var axı. Çərçivə mənim içimdə var. Bunu özümə heç qəbahət də saymıram.

- Bəs o çərçivə olmasaydı, necə?

- Onda mən Fərda olmazdım ki... İnsan həyatda elə məqamlar, elə acı həqiqətlər görür ki... Çoxları bunu görür, amma özünü görməzliyə vurur. Mən bunu bacarmıram. Məndə o həqiqətlərə qarşı üsyan var.

 - Özünə nəyi bağışlamırsan?

- (fikirləşir) Mənim böyük səhvlərim olub. Xüsusən də dost seçimində... Hansı ki təsəllilər də mənə sonradan kömək etməyib. Çox şükür edirəm ki, bu qədər möhkəm adamam. Qəribəsi odur ki, hamını bağışlayıram, özümdən başqa. O bir misal var e, "əlinin duzu yoxdur", onu mənimçün deyiblər. Adam nə qədər can dediyi, az qala ürəyini çıxarıb verdiyi adamdan zərbə alar? Yəqin Allah-təala da məni belə cəzalandırır. Çünki görür ki, mən ayılmıram da... Ona görə də Tanrı məni dönə-dönə sınağa çəkir.

- Daşa dəyən sevgin hansı sınaq idi?

- Oy... oy... O dəhşətli bir hadisə idi. Ondan sonra uzun müddət özümə gələ bilmədim. "Tək səbir"də təzə başlayan vaxtlarım idi. Ətrafımda çoxlu pərəstişkarlar, xüsusən də qızlar... Nə isə, bir qızla münasibətim alındı. Ona qəlbən o qədər bağlanmışdım ki... İnamım da sonsuz idi. Düz bir il görüşdük, gəzib-dolandıq. Sonra günlərin birində yuxu gördüm. Gördüm ki, qız mənə ağlaya-ağlaya deyir ki, "sən mənə bu qədər inanırsan, amma mən səni aldadıram. Dedim ola bilməz. Dedi, inanmırsansa gəl gözünlə gör: sabah saat 5-də, filan markalı, filan nömrəli maşın mənim dalımca gələcək". Yuxudan dəli kimi oyandım. Həmin gün yağış yağırdı. Zəng vurdum ki, gəlim səni götürüm, gedək gəzək. Qayıtdı ki, yox, bu gün hava yağışlıdır, həm də bizim məhləyə gəlmə, görən olar, filan... Sonra da dedi ki, nəsə kefim yoxdur, bütün günü evdə olacam. Saat 5-in yarısı düz evlərinin yanında dayanıb, güdməyə başladım. Saat 6-ya işləmiş həmin markalı maşın (bircə nomrədə 5 əvəzinə 3 idi) gəlib durdu blokun ağzında... Ürəyimdə Allaha yalvarıram ki, ay Allah, yuxum çin çıxmasın. Bir də gördüm, o çıxdı, maşının qapısını açıb oturdu. Özümü ona necə çatdırmağım yadımda deyil. Həmin gün mən ömrümdə ilk dəfə olaraq qıza əl qaldırdım. Və maşında olan o adam da düşüb demədi ki, sən niyə belə hərəkət edirsən.

- Və sən beləcə sındın...

- Hə, sındım... Ondan sonra çox dəftərlər açıldı və o dəftərlər də təəssüflə qapandı. Sonda Allah mənə gözəl bir şans verdi: qarşıma yoldaşımı çıxartdı. Çox şükür ki, bir onda yanılmadım.