Xalq artistlərinə "yaşıl işıq"

30-09-2015, 22:43
462

Xalq artistlərinə "yaşıl işıq"
Azərbaycanda fəxri ad almış sənətkarlar bu adlardan məhrum edilə bilməzlər.

Bunu  açıqlamasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, fəxri adları geri almaq mexanizmi haqqında düşünülməməlidir: "İnsanın daxili mədəniyyəti yüksək olmalıdır. Hər bir fəxri ada layiq görülmüş sənətkar Prezidentin sərəncamı ilə ona ad verildiyini nəzərə almalıdır. Fəxri ad daşıyan şəxs yaranmış problemi statusuna və səviyyəsinə uyğun həll etməlidir. Mən hesab edirəm ki, mədəniyyət işçiləri ziyalılardır. İnsanlar onlara baxaraq, həyat və düşüncə tərzini müəyyənləşdirməlidirlər. Onlar nümunəvi olmalıdır", - deyə nazir əlavə edib.

Qeyd edək ki, fəxri ad almış bir çox tanınmışların qeyri- etik hərəkətlər və dava- dalaşlarla gündəmə gəlməsi, cəmiyyətdə birmənalı qarşılanmır. son zamanlar adları "Xalq artisti" olan bəzi mədəniyyət sahəsinin nümayəndələri efirdə danışdıqları "mədəni" ifadələr ilə, nəinki, ölkə mədəniyyətini alçaldır, eyni zamanda, gələcək nəsillərin əxlaq və davranışlarına mənfi təsir göstərirlər.

Bundan başqa, fəxri adlara layiq görülmüş hər kəs, nəzərə almalıdır ki, televizora hər yaş dövründən olan insanlar baxır. Odur ki, özünü xalqın "artisti" hesab edən hər kəs həm mədəniyyəti, həm danışıq qabiliyyəti, həm əxlaqı ilə seçilməlidirlər.

Amma indiki "sənətçilər" etdiyi hərəkətləri ilə, nəinki, sənəti cılızlaşdırır, eyni zamanda da, özlərini və titulunu ucuzlaşdırırlar. Bu vəziyyət bundan sonra fəxri ad veriləcək şəxslərin seçimi zamanı, nəinki, onların sənətinə, həmçinin, tərbiyəsinə də diqqət yetirilməsi məsələsini aktuallaşdırır.

Məlumat üçün qeyd edək ki, "Xalq artisti" fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, Azərbaycan incəsənətinin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə verilir.

"Əməkdar artist" fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.

Fəxri adlarından məhrum olmamaq, əslində, həmin sənətkarların davranışının tənzimlənməsini mümkünsüz edir. Son vaxtlar bir birinin ünvanına sərt ittihamlarla çıxış edən səhnəmizin bəzi ulduzlarının özlərini idarə edə bilmədiyi aydın görsənsədə, tənzimləyici mexanizmin olmaması bu halların qarşısını almağa imkan vermir.


 //ANS Press