GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) zərərlidirmi?

11-12-2017, 12:05
371


Cəmiyyətimizdə təbii qida qəbulu ilə bağlı bəzi "sarsılmaz fikirlər" mövcuddur. Düşünürük ki, bazardan alınmış meyvələr pis, bağdan dərdiyimiz meyvələr isə daha yaxşıdır, daha sağlamdır, xəstəlik daşımırlar. Satın aldıqlarımız isə dəyişdirilib, keyfiyyətsiz və xəstə olublar.

GMO, yəni Genetik Modifikasiya edilmiş Orqanizm demək olar ki, birmənalı olaraq xalq arasında mənfi qarşılanır. Bəs buna səbəb nədir? Niyə cəmiyyət genetik olaraq dəyişdirilmiş qidaları qəbul etməkdən qorxur? Bu qidalar həqiqətənmi təhlükəlidir və xəstəliklər yaradır?

Gəlin, sizə bağınızdan dərdiyiniz bir fındıqdan bəhs edək. Böyük ehtimalla, dərdiyiniz fındıqların qabıqlarını sındırarkən onlardan hər hansı birinin küflənmiş, yəni ətrafının ağ torla əhatələndiyini görmüsünüz. Bu göbələkdir. Sağlamlığımız üçün zərərli olan orqanimzlərdən biridir. Bu fındığı bir tərəfə tullayırsınız və yemirsiniz. Çünki xəstələnməkdən qorxursunuz. Lakin unutduğunuz və düşünmədiyiniz bir nüans daha var. Qabığın içinə göbələk haradan daxil oldu? Əslində heç yerdən. Elə qabığın içində idi, sadəcə yediyiniz fındıqda şərait yarandığından çoxalmağa başlamışdı. Əslində yediyiniz və sağlam hesab etdiyiniz digər fındıqlarda da bu göbələk mövcuddur və onu fındıqla birlikdə yeyirsiniz. Təbii ki, bu çox az bir miqdar olduğu üçün bizə elə də təsiri olmur. Lakin küf göbələyi ilə zəhərlənmənin simptomları kimi ishalı, qarınağrısını göstərə bilərik. Yenə də diqqətli olun.

Demək istədiyimiz odur ki, təbii hesab etdiyimiz qidalar belə öz daxilində potensial təhlükələr gizləyirlər. Xəstəliklər bizim hər tərəfimizdədir.

Yaxşı, bəs GMO?
Adi insanlar "Biotexnologiya nədir?", "Necə işləyir?, "Faydası nədir"? suallarına cavab verə bilmir. Lakin insan bilinməzi heç sevmir. Boşluqlar mütləq məlumatla dolmalıdır. Burada dövrəyə dezinformasiyalar, saxta məlumatlar girir.

Əslində, GMO haqqında cəmiyyətin bir fikri olmasa da onun rədd etməsinin səbəbi ilk olaraq insan psixologiyasıdır. İnstiktiv olaraq iyrənmə hissinə sahibik və bu hiss mövzu haqqında məlumatımız olmadığı üçün dəyişdirilmiş hər şeri "kirlənmiş","pozulmuş" olaraq düşünməmizə səbəb olur. Yəni instinktiv olaraq bu qidaların zərərli ola biləcəyini düşünürük.

Həmçinin, insanlar essentializm (fundamentalçılıq) fəlsəfəsinə də meyllidir, yəni bir şey iki seçimdən biri, iki şeydən biri olmalıdır (Misal üçün təkamül yoxdursa, yaradılış var. Halbuki elmi prespektivdə üçüncü bir bənd var: Bilmirik). Düşüncəmiz belədir ki, əgər almaya banan geni daxil edilibsə, artıq alma "alma" deyil, alma olmaq xüsusiyyətini itirib və başqa bir şey olub. Onun alma olma xüsusiyyətini fundametal olaraq dəyişdirilib. Fundamentalis düşüncənin digər forması "Tanrılıq etmək, "Tanrı rolu oynamaq"dır. Cəmiyyət arasında yayılmış və ehtimalla dini düşüncə və mədəniyyət səbəbi ilə formalaşmış bir fikrə görə "təbii" olan heç bir şey dəyişdirilməməlidir. GMO-ya qarşı etirazın geniş vüsət almasının səbəblərinin ən əsasını dini ideologiyanın, ümumilikdə, genetika elminə qarşı xüsusi antipatiyasında axtarmaq lazımdır. Canlıların ruhu olduğunu irəli sürən dini ehkamlar laboratoriyada sadəcə DNT-si dəyişdirərək canlının bütün taleyini əlinə almaq fikrinə yaxşı baxmır. Orqanizmin genetik surətini (genetik kopiyalama) çıxarmaq yolu ilə yenisini yarada bilmək fikri dini təlimlərə zərbə, allahın işinə qarışmaq kimi görülməsi təbiidir. Alma "alma" olaraq, banan "banan" olaraq qalmalıdır. Hətta bu fikir səbəbi ilə uzun müddət genetik kopyalanmağa qarşı çıxılsa da, elm ilk kopiyalanmış orqanizmi - qoyun Dollini yaratdı.

Xüsusilə, insanı digər heyvanlardan ayıran sxolastik ənənə insanın surətini çıxarmaq fikrini Nitsşedən sonra tanrını ikinci dəfə öldürmək olaraq görür. Britanya krallığının şahzadə Çarlz kimi populistləri, GMO texnologiyasına qarşı tanrıyla özünü bir görmək və ya təbiətin gözəlliyini zədələmək kimi dini və spiritualist arqumentlərlə çıxış edirlər. GMO əleyhdarı cəbhənin əsas formal oyunçusu eko-aktivistliyi ilə bilinən Greenpeace quruluşudur. Greenpeace kimi güclü lobbilərin əsas arqumentləri GMO-ların potensial olaraq ekoloji balansı poza biləcəyi ehtimalı üzərində qurulub. Vizual olaraq, GMO deyincə ilk ağla gələn Greenpeace'in məşhurlaşdırdığı qulyabani qarğıdalı və digər bitkilərin vəhşi heyvanları xatırladan karikaturalarıdır.

Amma insanlıq özü bu essensialist düşüncəyə əməl edirmi? Heç də yox. Bu gün təbii adlandırdığımız bütün qidalar insanlığın inkişafı ilə bərabər süni seçmə ilə yabanı halından bu gün istifadə edilən hala gətirilib. Məsələn, banan yabanı halda içi toxumla dolu olsa da (yabanı babanı yemək istməzsiniz) qəbul etdiyimiz banalarda bir dənə də olsun toxum yoxdur (buna görə qidaya yararlı banan ağacları toxumla yox, əkilərək çoxaldırılır). Əhilləşdirilmiş heyvanlar da həmçinin. Bu günki inəklər bir zamanlar qalın tüklü, az süd verən, bizona bənzər canlılar idi. Lakin süni seçmə vasitəsi ilə onları yeni bir növə çevirərək, "istifadəyə yararlı" hala salmışıq. Yəni biz daim ətrafımızdakı orqanizmlərin "təbiiliyini" dəyişmişik. Bu gün "təbii" adlandırıb yabanı halından süni seçmə vasitəsi ilə becərdiyimiz qidalar belə GMO kateqoriyasın aiddir.

GMO tarixi, mexanizmi, nümunələr

GMO tarixi
Genetikanın tarixi qədim olmadığı üçün GMO tarixi də yenidir. İlk genetik modifikasiya edilmiş orqanizm 1973-cü ildə yaradılmış bir bakteriyadır. E-coli növündən olan bir bakteriyaya Salmonella genləri əlavə edilmişdir və bakteriya daha əvvəl sahib olmadığı xüsusiyyətləri qazanmışdır.

Bu hadisə o dövrdə böyük sensassiya yaratmış, elm "Tanrı rolunu oynamaqda", "Tanrının işinə müdaxilə etməkdə" günahlandırılmış, bunun şeytanın işi olduğu deyilmişdi. DNT-i kəşf etmiş alim Ceyms Vatson bu iddiaları "Tanrı rolunu biz oyanamasaq, kim oyanayacaq?" - deyə cavablandıraraq mübahisələrə son qoymuşdu.

Dünyada ilk GMO istehsal edən firma olan Genentech 1978-ci ildə Herbert Boyer tərəfindən qurulmuşdur. Bu firma E-coli bakteriyasını modifikasiya edərək insulin istehsal etməsini təmin etmiş və bu işlərə görə Boyer Beynəlxalq Elm mükafatı almışdır.

1986-ci ildə GMO qida məhsullarını da dəyişməyə başlamış, amma aparılan işlər əleyhdarlar tərəfindən 5-10 il qədər ləngidilmişdi.

Mexanizmi
Təkamül biologiyasının ortaya qoyduğu məlumatlar əsasında bütün canlılığın ortaq bir atadan təkamülləşdiyini və bütün genetik bazamızın müəyyən bir hissəsini bir-birimizlə paylaşdığımızı bilirk. Bütün canlılar istisnasız 400-500 ortaq genə sahibdir. Bu, mübahisəsiz olaraq hamımızın ortaq bir atadan gəldiyinə işarə edir.

Bu məlumatlar əsasında genetik mühəndisliklə canlılığın yönününü müəyyən sərhədlər daxilində hər hansı bir istiqamətə yönəltmək mümkündür. Metod belədir:

Təakmül biologiyasında üfiqi gen köçürülməsi olaraq adlanan mexanizm mövcuddur. Bu mexanizmlə genlər bir növdən digər növə müvafiq yollarla (mikroorqanizmlər kimi) daşınır. Genetik mühəndislər bu metodu idarə edərək qidanın genini digər qida ilə hibridləşdirərək yeni sortlar yarada bilirlər.

Nümunələr
Bakteriyalar və yosunlar ⇒ Məqsəd: insanlığın ehtiyac duyduğu zülalların alınması.
Heyvanlar ⇒ Məqsəd: xəstəlik səbəbi olan zülaların müyyən edilməsi. Ağcaqanadlardan istifadə edilərək 50-100 milyon insanın tutulduğu malariya xəstilyinin qarşısı alınmış və sadəcə 40 min insan xəstəlik səbəbi ilə ölmüşdür.
Bitkilər ⇒ Yeni mühitə adaptasiya, qida qıtlığının qarşısının alınması, zərərvericilərdən müdafiə.
GMO haqqında statistikalar
2008-ci ildə Kral Tibb Cəmiyyətinin açıqlamalarına görə milyonlarla insan GMO-lu qida istehlak etməsinə baxmayaraq GMO qaynaqlı bir xəstəlik belə aşkar edilməmişdir.
Bu günə qədər nəşr edilmiş 2000-dən artıq yazı GMO-nun faydalı olduğunu deyir.
Dünyada 240-dan çox elm və tibb strukturları GMO faydalı olduğunu sübut edir.
Bir metaanalizə görə GMO zərərvericilərə qarşı kimyəvi tədbirləri 37% azaldır, məhsuldarlığı 22% artırır.
İqtisadi sərfi azaldır və tarlalarda alaq və həşəratlara qarşı istifadə edilən dərmanların istifadəsini 55% azaldır.


Nəticə
GMO-nun faydaları olduqca çoxdur. Zərərli olduğu iddiası ehtiva edən məqalə sayı olduqca azdır və bunun da səbəbi bəllidir. Genetik mühəndislik o qədər mürəkkəb sahədir ki, hər bir gen fərddən fərdə fərqli təsir edə bildiyi üçün bütün proqnozları nəzə almaq mümkün deyil. Hər birimiz gün ərzində 10 min mutasiya keçiririk. Bunların çoxu gen-bərpa mexanizmi vasitəsi ilə düzəldilir. Lakin nəticədə valideynlərimizdən 50-120 mutativ fərqliliklə fərqlənirik. Bütün insanlar arasında isə gen fərqliliyi 0,01%-dir.

GMO haqqında yanlış informasiyaların aradan qalxmasının ilkin yolu xalqın maariflənməsindən keçməkdədir.

//yasilelm.com