Yeni Nokia 3310 nə vaxt satılacaq?

16-05-2017, 10:35
33


"HMD Global" şirkəti "Nokia 3310" smartfonunun yenilənmiş versiyasının satışa çıxarılma tarixini açıqlayıb. Bu barədə "TechRadar" saytı şirkət nümayəndələrinə istinadən məlumat verib.

Məlumata görə, telefon Böyük Britaniyada mayın 24-də, Almaniyada mayın 26-da, Niderland və Belçikada iyunun 5-də satışa çıxarılacaq.

Qurğunun digər ölkələrdə satışına nə vaxt başlanılacağı barədə məlumat verilmir.

"HMD Global" şirkətinin hazırladığı "Nokia 3310" mobil telefonunun yeni modeli fevralın sonunda Barselonada keçirilən "MWC 2017" sərgisində təqdim olunub.

Yeni "Nokia 3310" 320x240 piksel təsvir ölçülü 2,4 düym ekranla təchiz edilib. Həmçinin qurğu 2 meqapikselli kameraya malikdir və "microSD" yaddaş kartını dəstəkləyir. Əvvəlki modellə müqayisədə telefon nazik və yüngüldür.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, bir dəfə enerji ilə doldurulan batareya 22 saatlıq danışıq üçün kifayət edir ki, bu da orijinal qurğuya nisbətdə 10 dəfə çoxdur.

Boz, göy, qırmızı və sarı rənglərlə satışa çıxarılacaq telefonun qiyməti 49 avro təşkil edəcək.

Qeyd edək ki, 2000-ci ilin sonunda buraxılan "Nokia 3310" modelinin satışı 126 milyonu ötüb. İnternetdə aparatın dünyada ən möhkəm materialdan düzəldilməsinin xarakterizə edilməsi barədə məlumatlar geniş yayılıb. Belə ki, Britaniya KİV-i 17 il əvvəl satın alınan və indiyədək işləyən "Nokia 3310" modelini tapıb ictimaiyyətə təqdim edib.

   //milli.az