Novruzəli Aslanov: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün uğurlarının əsasında onun Heydər Əliyev ideyalarına

26-08-2021, 16:23
253


Prezident İlham Əliyevin ən yaxın silahdaşı


Ölkə Prezidenti cənab İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusilə sosial, humanitar və iqtisadi sahələrdə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində göstərdiyi çoxşaxəli fəaliyyətinin dövlətimiz və xalqımız üçün əhəmiyyəti ölçüyəgəlməz dərəcədə böyük və önəmlidir. 2017-ci ilin fevral ayında Prezident İlham Əliyev böyük etimad göstərərək Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması ilə bağlı sərəncam imzaladı. Ölkə ictimaiyyəti dövlət başçısının bu qərarını böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladı. Çünki xeyirxahlığı, nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə Mehriban xanım bu təyinatdan çox-çox öncə artıq xalqın böyük sevgisini qazanmış, milyonların qəlbində özünə möhkəm yer edə bilmişdi. Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarına bütün varlığı ilə bağlı olan, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli daxili və xarici siyasətə hər zaman layiqli töhfələrini verən Mehriban xanım Əliyeva dövlətin ali idarəetmə sistemində ikinci yüksək vəzifəni daşımaq haqqına həm siyasi, həm də mənəvi cəhətdən artıq çoxdan sahib olmuşdu.

Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddət ərzində özünün peşəkarlığı, zəngin təcrübəsi, yüksək humanizmi, hadisələrə genişmiqyaslı baxışı və onları dərindən təhlil etmək qabiliyyəti ilə Azərbaycan cəmiyyətində qadın siyasi və dövlət xadimlərinin indiyədək durduqları mövqelərdən daha üstün məramlara çatmaq potensialına sahib olduqlarını nümayiş etdirdi və bununla da dövlət idarəçiliyində qadınların rolunun artmasına səbəb oldu. Mehriban xanım Əliyeva ölkəmizdə indiyədək olan qadın ictimai və siyasi xadimləri arasında ilk şəxsiyyətdir ki, öz fəaliyyətilə maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş sahəni əhatə edir. Həm də bütün bu istiqamətlərdə Mehriban xanımın fəaliyyəti eyni səviyyədə yüksək effektivliyi ilə diqqəti cəlb edir. Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması ölkəmizdə idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən işlərə xüsusi dinamika verdi və gələcək inkişaf, müasirləşmə strategiyasının bundan sonra da uğur qazanmasına əhəmiyyətli təkan oldu.

Birmənalı olaraq demək lazımdır ki, son dörd ildə ölkənin Birinci vitse-prezidenti kimi şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara, daha möhtəşəm nailiyyətlərə imza atan, bu gün isə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dövlətimizin başçısı ilə çiyin-çiyinə səfərlər edən və bu torpaqların yenidən dirçəldilməsi yönümündə Ölkə Prezidentinin bütün layihə və qərarlarını özünün fədakar fəaliyyətilə dəstəkləyən Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən sadiq silahdaşıdır.

Bütün möhtəşəm layihələrin mərkəzində insan amili dayanır

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət göstərilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O cümlədən torpaqlarımızın işğal altında saxlandığı son otuz il ərzində ölkə əhalisinin ən həssas təbəqəsi olan doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması bu siyasətin həllinə yönəldiyi əsas məsələlərdən olub. Bütün bu dövr ərzində həmin insanlar üçün hər cür infrastruktura malik mənzillər tikilib, qəsəbələr salınıb, yeni iş yerləri yaradılıb və onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində müvafiq dövlət proqramları qəbul olunub. Əsas diqqətini hər zaman sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirən Mehriban xanım Əliyeva da bu xeyirxah missiyasnı uğurla davam etdirir. Bütün imkan və bacarığını insanların rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Birinci vitse-prezident köməyə ehtiyacı olan insanlara hər an yardım etməyə daima hazır olub.

Bu gün isə Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini öz canları və qanları bahasına təmin edən qəhrəman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin və müharibə iştirakçılarının sosial-məişət problemlərinin həlli, onların müalicə və reabilitasiyaları ilə bağlı məsələlər Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğı ilə əhatə etdiyi sahələrdir. Şəhid analarına göstərdiyi nəvaziş, Vətən müharibəsində yaralanmış vətənin igid oğlanlarının müalicəsini öz üzərinə götürməsi və kimsəsizlərə sahib çıxması Mehriban xanımın hər bir problemə həssas reaksiya verdiyini təsdiqləyən faktlardır.

Məlumdur ki, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və sair çoxşaxəli fəaliyyət də ölkəmizdə məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilmişdir. Qeyd edilən müəssisələrin və mərkəzlərin açılışında iştirak edən Mehriban xanım onu əhatə edən körpələrə, uşaqlara, qayğıya ehtiyacı olan şəxslərə hər zaman ana nəvazişi ilə yanaşmışdır.

Bu gün hər kəs yaxşı xatırlayır ki, 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında Heydər Əliyev Fondu olduqca vacib işlər görmüşdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgədə birliyin əməkdaşları və könüllüləri tərəfindən zəlzələdən ziyan çəkənlərə tibbi, psixoloji, ərzaq yardımları göstərilmiş, sosial vəziyyəti ağır olan ailələrin problemləri araşdırılmış, müvafiq köməklik göstərilmişdi.

Bütün bunlar onu deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bütün möhtəşəm layihələrin mərkəzində ilk növbədə insan amili dayanır və ola bilsin ki, məhz elə bu amilmdə həmin layihələrin möhtəşəmliyini, əzəmətini və uğurunu təmin edən əsas şərtlərdən biridir.

Xalqın inamını və hörmətini qazanmış Heydər Əliyev Fondu

Əlbəttə ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində onun məhz Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyi misilsiz layihələr ən önəmli yerlərdən birini tutur. Mehriban xanımın təşəbbüsü, dəstəyi ilə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr böyük rezonans doğurur. Təhsil, səhiyyə, mədəniyyət sahəsində müxtəlif layihələrin reallaşdırılması bu sahələrin inkişafına misilsiz töhfələr verir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. O cümlədən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin 30 ilə yaxın müddət ərzində məruz qoyulduğu təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparıb.

Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri uşaqlara qayğıdır. Fond körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün bir-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirir. “Uşaqlar bizim gələcəyimizdir. Onları necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaq.” Ümummilli lider Heydər Əliyevin ən müdrik kəlamlarından olan bu tövsiyələrdə bu günümüzün, sabahımızın qurucuları olan gənc nəslə etibarı, inamı öz əksini tapıb. Ölkəmizdə uşaqların firavan, sağlam böyüməsi üçün hər cür şərait yaradılıb. Analara göstərilən diqqət və qayğını da əlavə etsək deyilənlərin təsdiqi üçün geniş təhlilə ehtiyac qalmaz. Əsas təşkilatçısı Heydər Əliyev Fondu olmaqla “Hər uşağın ailəyə ehtiyacı var” kampaniyasının həyata keçirilməsi də bu diqqət və qayğıdan irəli gəlir.

Yarandığı gündən cəmiyyətin ictimai-siyasi həyatında fəal mövqe tutmaqla uşaq problemlərinin həlli istiqamətində biri-birindən əhəmiyyətli layihələr həyata keçirən Heydər Əliyev Fondunun təcrübəsi hər bir təşkilat üçün nümunədir. Bu günədək müalicəsi nisbətən çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil körpənin sağalıb yenidən həyata qayıtmasında böyük rolu və xidmətləri olan Fonda ünvanlanmış minnətdarlıq məktublarının sayı sonsuzdur.

Qlobal humanitar missiya

Artıq uzun müddətdir ki, həm də UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi ali ümumbəşəri missiyanı həyata keçirən Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən möhtəşəm layihələr bu gün sadəcə Azərbaycanda deyil, eyni zamanda bütün dünyada qlobal humanitar problemlərin həllinə misilsiz töhfələr verməkdədir. Fondun xətti ilə indiyədək Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının, Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin, Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının inşası, Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbinin, Tiflisdəki M.F.Axundzadə adına orta məktəbin, Qardabanidəki Azərbaycan məktəbi və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəbinin, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir edilməsi belə layihələrdəndir. Bu istiqamətdə görülən işlər Mehriban xanım Əliyevanın xeyirxah və tərəqqipərvər missiyasının bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir.

Həmçinin Heydər Əliyev Fondunun fəaliyyətində Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq əsas beynəlxalq istiqamətlərdən biridir. Bu isə göstərir ki, təkcə Azərbaycan əhalisinin deyil, digər dünya ölkələrinin əhalisinin də sağlamlığının qorunması daim Mehriban xanım Əliyevanın diqqət mərkəsində saxladığı və həllinə dəyərli töhfələr verdiyi məsələlərdəndir. Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşulmuş, əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün “Talassemiyasız həyat naminə” layihəsini başlamışdır. Qürurverici haldır ki, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın ali mükafatına layiq görülmüşdür.

Bu gün Heydər Əliyev Fondu ümumbəşəri mədəni irsin qorunması işinə də çox böyük töhfələr verməkdədir. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr Muzeyinin bərpası, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmiri və digər ümumbəşəri layihələr icra edilmişdir. Bəşəriyyətin möhtəşəm mədəniyyət tarixinin mühafizəsinə, onun gələcək nəsillərə vacib əmanət kimi çatdırılmasına, bununla bəşəriyyətin mədəni yaddaşının qorunmasına xidmət göstərən xeyirxah missiya indi də uğurla davam etməkdədir.

Əlbəttə ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri ən çox məhz Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Xalqımızın milli sərvəti olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması, Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirməsi də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işlərin bir hissəsidir. Bu gün məhz Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə və qəbul etməyə, Azərbaycanı müasir və dinamik inkişaf edən ölkə, eyni zamanda, Azərbaycan xalqını öz tarixi köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanımağa başlamışdır.

Bu gün Azərbaycanı artıq öz ərazi bütövlüyünü öz gücünə bərpa etmiş, Cənubi Qafqazda erməni faşizmini məhv edərək regionda yeni geosiyasi reallıqlar yaratmış bir ölkə kimi daha işıqlı gələcək gözləyir. Bu gələcəyin qurucusu olan Azərbaycan xalqı Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında və dövlət başçısının ən yaxın silahdaşı olan Mehriban xanım Əliyevanın misilsiz dəstəyi ilə bundan sonra hələ çox möhtəşəm uğurlara, parlaq qələbələrə imza atacaq.


Novruzəli Aslanov,
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti.