MTN ləğv edildi

14-12-2015, 15:58
561

MTN ləğv edildiPrezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb.

Fərman Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə imzalanıb.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılsın.

Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə tapşırılıb ki, əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etməlidirlər.

Nazirlər Kabinetinə 2015-ci il və 2016-cı il dövlət büdcələrində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin 2015-ci və 2016-cı illərdə fəaliyyətinin maliyyələşməsini təmin etmək, maddi-texniki təminatı ilə bağlı məsələləri həll etmək, aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini, normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılmasını bir ay müddətində təmin edib, mərkəzi icra hakimiyyəti orqanlarına isə normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Prezident Ilham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qrupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.


Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitələrlə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.

   //ANS Press