İtkin neftçinin qardaşı: "Bu onun son sözləri oldu"

7-12-2015, 15:19
345

İtkin neftçinin qardaşı: "Bu onun son sözləri oldu" "Qardaşımın 3 qızı evdə onun yolunu gözləyir". Bunu  Xəzərdə itkin düşən neftçilərdən biri - Rzaxanov Edik Rivazin oğlunun qard aşı Natiq deyib.

Onun sözlərinə əsasən, qardaşı sonuncu dəfə evlə dekabrın 4-də - fırtına baş verən gün əlaqə saxlayıb:

"Qardaşım 2008-ci ildən orada işləyir. 32 yaşlı Edikin 3 qız övladı var. Onlardan ən kişiyi 5 aylıqdır - Jasmin. Sevincin 6, Nazlının isə 5 yaşı var".

Natiqin sözlərinə görə, o qardaşı ilə son dəfə noyabrın 29-da danışıb. O, son dəfə ailəsi ilə danışanda da dənizdə havadan şikayətlənib. Deyib ki, çox külək var. "Bu, qardaşımın son sözləri olub".

Dekabrın 4-də Xəzərdə "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın baş verib. SOCAR-dan  verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Hadisə ilə bağlı SOCAR, FHN və Respublika Baş Prokurorluğunun birgə açıqladığı məlumatda 33 nəfərin təxliyyə edildiyi, 1 nəfərin isə cəsədinin sudan çıxarıldığı bildirilir. 29 nəfərin axtarışları davam etdirilir.

Baş vermiş faciə ilə bağlı Azərbaycanda 6 dekabr 2015-ci il dövlət başçısının sərəncamı ilə matəm elan edilib.

Biz də Xəzərdə baş verən hadisədə ölənlərin yaxınlarına baş sağlığı verir, itkin düşənlərin isə "Allahdan ümid kəsilməz" deyərək, tezliklə tapılacağına ümid edirik! Allah səbr versin!

   //ANS Press