Azərbaycanda can alan özəl klinikalar: faciə ilə bitən əməliyyatlar və QURBANLARI

19-12-2017, 16:37
586


Azərbaycanda fəaliyyət göstərən istər özəl klinikalarda, istərsə də dövlət xəstəxanalarında zaman-zaman xəstə ölümləri baş verir.

Ölüm hadisələrinin əksəriyyəti həkimlərin səriştəsizliyi, bu sahədə kifayət qədər təcrübələrinin olmaması ucbatından baş verir. Pul bahasına insanların həyatını təhlükəyə atan həkimlər nəticədə səhlənkarlığı ucbatından neçə ailəni başsız, uşaqları valideynsiz, valideynləri övladsız qoyur.

BiG.AZ Azərbaycanda son bir-iki ildə baş verən, ölkə gündəmini zəbt edən xəstə ölümlərinin qeydə alındığı klinikaları təqdim edir:

2017-ci il, dekabrın 18-də Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən "Medera" klinikasında 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu əməliyyat vaxtı ölüb. Sol çiyin nahiyəsindən əməliyyat olunan 40 yaşlı kişinin halı birdən-birə daha da pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının bildirdiyinə görə, A.Hümbətov yüngül əməliyyat zamanı həkim səhlənkarlığının qurbanı olub.
Ölüm faktı ilə bağlı Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, müvafiq ekspertizalar təyin edilib. (lent.az)

***

Bu il, ən çox danışılan ölüm hadisəsi isə model Leyla Oruclu ilə bağlı olub.

"Zəfəran Hospital"da əməliyyat olunan 22 yaşlı model 2 gün sonra vəfat edib. O, 21 iyun tarixində ailəsinə xəbər vermədən liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyata girən qız rəfiqəsinə mesaj yazıb və onu hospitala çağırıb. İddialara görə, əməliyyatı cərrah Sirus Qoçqani həyata keçirib.
Əməliyyatdan iki gün sonra - 25 iyun tarixində isə gənc qız vəfat edib.( azxeber.com)
Azərbaycanda can alan özəl klinikalar: faciə ilə bitən əməliyyatlar və QURBANLARIAzərbaycanda can alan özəl klinikalar: faciə ilə bitən əməliyyatlar və QURBANLARI***

Mediada ən çox müzakirə edilən estetik əməliyyat zamanı ölüm hadisəsi 2016-cı ildə qeydə alınmışdı.

Məlum hadisə “StarMed” klinikasında martın 18-də qeydə alınıb. Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı burnundan əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir.

Ölüm baş vermiş özəl klinikanın – “StarMed”in fəaliyyəti dayandırılıb.
Azərbaycanda can alan özəl klinikalar: faciə ilə bitən əməliyyatlar və QURBANLARI
***

2017-ci il sentyabrın 10-da Bakıda, Leyla Şıxlinskayanın Klinikasında ana ölümü baş verib. 31 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib.

Doğuş zamanı dünyasını dəyişən ana 1986-cı il təvəllüdlü Aygün Əbdürrəhmanovadır.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Nazirliyin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova faktı təsdiqləyib.

Komissiya sədri bildirib ki, uşağın həyatını xilas etmək mümkün olsa da, ana ölüb.

“Bütün özəl tibb müəssisələri, o cümlədən Leyla Şıxlinskayanın Klinikası Səhiyyə Nazirliyinin təlimatlarına əsasən fəaliyyət göstərir. Özəl tibb müəssisələrində baş verən ana ölümləri tərəfimizdən araşdırılır. Klinikada ana ölümü sentyabrın 10-da qeydə alınıb, bu barədə Doğuşayardım Komissiyası məlumatlandırılıb. Sənədlər təqdim ediləndən sonra ölümün səbəbi araşdırılacaq. Araşdırma tamamlanmadan ananın hansı səbəbdən öldüyünü söyləmək olmaz”,-Məmmədova əlavə edib.

Klinikanın özünü təqdim etmək istəməyən həkimi isə deyib ki, son 1 ildə burada ana və uşaq ölümü qeydə alınmayıb. (virtualaz.org)

***

Cərrahiyyə əməliyyatı zamanı sol ayağının əvəzinə sağ ayağı amputasiya olunmuş 87 yaşlı Tərlan Həsən qızı Məmmədovanın ölümü də ölkə gündəmini zəbt edən hadisələrdən idi.

Xəstə 2016-cı ildə iyulun 31-də dünyasını dəyişib.

Xatırladaq ki, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Tərlan Məmmədova Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Valeh Kərimov tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib. Sonradan onun sol ayağı da kəsilib.

Səhiyyə Nazirliyinin kollegiyasının qərarına əsasən, həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə vəzifədən azad edilib. Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan əlavə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Şəmsəddinski Azər Əkbər oğlu tutduğu vəzifədən azad olunub.
Azərbaycanda can alan özəl klinikalar: faciə ilə bitən əməliyyatlar və QURBANLARI
Əməliyyat zamanı ölüm hadisəsi 2016-cı il avqustun 4-də qeydə alınıb.

Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Qazax rayon sakini Vüsal Fərzəliyev keçinib. Böyrək çatışmazlığından əziyyət çəkən 36 yaşlı Vüsal təxminən iki ay öncə əməliyyat olunmuşdu. Ona anasının böyrəyini köçürmüşdülər.

Mərhumun dayısı Rafiq Abbasov milli.az-a deyir ki, böyrək köçürmə əməliyyatını həkim Mircəlal Kazımi və köməkçisi Elnur gerçəkləşdiriblər. Yaxınlarını əmin ediblər ki, 15 günə xəstə yaxşı olacaq. Lakin ay yarım keçməsinə baxmayaraq Vüsalın səhhəti düzəlməyib. Dayısı söyləyir ki, Vüsal əməliyyatdan sonra xəstəxanadan kənarlaşmayıb, bu günə qədər həkim nəzarətində olub. Yəni onun ölümünün kənarda həkim göstərişinə riayət edilməməsi ilə əlaqələndirilməsi üçün bir əsas yoxdur. 

R.Abbasov bildirir ki, böyrək köçürülmə əməliyyatından sonra orqanizmə şlanq daxil edilir ki, ifrazatı bunun vasitəsi ilə etsin. Bir müddətdən sonra, yəni xəstənin vəziyyəti stabilləşəndən sonra həmin şlanqı çıxarırlar. R.Abbasov iddia edir ki, həkimlər Vüsalın səhhətinin normallaşmamasına baxmayaraq şlanqı çıxarmağa çalışıblar: "Bu da özbaşına olmur. Əvvəlcə xəstə UZİ-yə salınmalıdır, baxılmalıdır ki, yeni qoyulan böyrək normal funksiyasını yetirirsə, o halda şlanq çıxarılmalıdır. Lakin onlar bunu etməyiblər. Şlanqı dartıb çıxarmağa başlayıblar".

Bundan sonra Vüsalın vəziyyəti pisləşməyə başlayıb. Dayısı vurğulayır ki, son bir həftədə xəstənin halı tamam dəyişib, ağrıdan qıvrılıb, amma Mircəlal həkimi palataya gətirə bilməyiblər: "Mircəlal həkim dərhal xəstəxanaya gəlməkdən imtina edib. Bildirirdi ki, ancaq birinci gün gələ bilər. Hansı ki, birinci günə də 3 gün var idi. Təzədən oradan yalvar-yapışla başqa bir həkim çağırdıq. Gecəylə xəstəni lazım olan yerdən yardılar. Bir vedrəyə yaxın çirk çıxdı uşağın bədənindən. Sən demə, artıq qana zəhərləmə veribmiş. Dörd gün ərzində çirk dolub orqanizmə".
Azərbaycanda can alan özəl klinikalar: faciə ilə bitən əməliyyatlar və QURBANLARI
R.Abbasov qeyd edir ki, bundan sonra Vüsaldan anasının böyrəyini çıxarmalı olublar: "Ağzında şlanqla yaşadı bir müddət və bu gün səhər keçindi. Təsəvvür edirsiniz, Vüsalın vəziyyəti pisləşib, biz səhər bir nəfər həkim tapa bilmirdik ki, gəlib baxsın. Qoyublar tibb bacısının ümidinə. Və bu gün səhər ürək çatışmazlığından vəfat edib. 
Azərbaycanda can alan özəl klinikalar: faciə ilə bitən əməliyyatlar və QURBANLARI

Abbasov əlavə edir ki, Mircəlal həkimin həyat yoldaşı həmin xəstəxanada UZİ həkimidir və ərinin nöqsanlarını ört-basdır etməklə məşğuldur: "Vüsalı aparırdıq UZİ-yə, həkim aparatın nəticəsini bizə göstərmirdi, dərhal gedirdi ərinin yanına və onun verdiyi rəylə qayıdırdı. Orada da göstərirdi ki, guya böyrəklərdə bir şey yoxdu, xəstənin narahatçılığının səbəbi bağırsaqlardadı".

Dayısı deyir ki, xəstəxanada, demək olar ki, hər gün insan ölür. Onun sözlərinə görə, Mircəlal həkimin əməliyyatından sonra neçə xəstə ölüb. "Buranın çayxanasında az bir müddət olmaq kifayətdir ki, vəziyyətin necə acınacaqlı olduğunu görəsiniz. Çayxana yox, sanki yas çadırıdır. Hamı ölüsünü ağlayır. Bir ətək pul verirlər, amma xəstələrini həkim öldürür. Biz təkcə Vüsalın dava-dərmanına 10-15 min pul vermişdik".

Həkim Mircəlal Kazımi isə mobil nömrəsinə cavab vermədi, Elnur həkim, ümumiyyətlə, telefonunu söndürmüşdü. Səhiyyə Nazirliyinin mətbuat xidməti də telefon zənglərimizi cavabsız qoydu.
Azərbaycanda can alan özəl klinikalar: faciə ilə bitən əməliyyatlar və QURBANLARI
//Big.az