Vüsal Quliyev: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də məhv olmaq təhlükəsindən xilas etdi

3-05-2017, 17:58
247


Mayın 3-də Azərbaycan Dillər Universitetində Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirildi.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirdi ki, hər bir ölkənin strateji inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq gənc kadrların hazırlanmasından, onların intellektual və yaradıcı qüvvəyə, vətəndaş cəmiyyətinin aparıcı üzvlərinə çevrilməsindən asılıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi. Gənclər elmdən, təhsildən, yaradıcılıqdan  kənarlaşdırılır, bir sıra hallarda cəmiyyət üçün təhlükəli qüvvəyə çevrilirdi. Bu da  Azərbaycanın gələcəyini sual altına alır və dövlətçiliyi məhvə doğru aparırdı. Xalqımız bu təhlükələrin gələcək fəsadlarını vaxtında görərək müstəqil Azərbaycan dövlətinin xilası naminə ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də məhv olmaq təhlükəsindən xilas etdi.

V.Quliyev qeyd etdi ki, ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə gənclərimizin hərtərəfli inkişafına, o cümlədən yaxşı təhsil almalarına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki ulu öndər yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz gəncliyin yüksək təhsil almasında və maariflənməsindədir.

O, xatırlatdı ki, ulu öndər Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən də gənclərlə işə xüsusi diqqət yetirirdi. O, Azərbaycan gənclərinin xaricdə təhsil alması məsələsinə böyük əhəmiyyət verirdi. 1969-1970-ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olmuşdur. Sonrakı illərdə bu artım yüksələn xətt üzrə davam edərək, 1000 nəfərə çatmışdır. Ümumilikdə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişdir.

    
V.Quliyev diqqətə çatdırdı ki,  ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməyə başladılar. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildən Gənclər Forumları keçirilməyə başladı, bir sıra normativ-hüquqi aktlar və proqramlar qəbul olundu. Bütün bunlar gənclərin hərtərəfli inkişafına imkan yaratdı. Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir. Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşırlar.

   //Nəzər Media.az