İslam dini qardaşı qızını qaçıran o kişiyə ən ağır cəza buyurur - Hacı Şahindən ŞOK AÇIQLAMA

5-04-2017, 11:07
380

İslam dini qardaşı qızını qaçıran o kişiyə ən ağır cəza buyurur - Hacı Şahindən ŞOK AÇIQLAMAGəncədə 3 uşaq atası 26 yaşlı Həsən Səfərovun qardaşının 23 yaşlı qızını qaçırması Azərbaycan cəmiyyətində böyük narazılıqla, hətta rezonansla qarşılanıb. Məlumata görə, hər iki tərəf rəsmi nikahda ola-ola dini kəbin də kəsdirib. İslam dini buna yol verirmi?

Modern.az-ın sualını Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli cavablandırıb.

İlahiyyatçı deyib ki, İslam dinində məhrəm kateqoriyasına aid olan insanlar var:

"Əmi və qardaş qızı da bir-birinə məhrəm sayılır. Həm məhrəmlə, həm də ailəsi olan qadınla  cinsi münasibətdə olmaq haram buyurulub. Belə insanlara dini kəbin oxuna bilməz və oxunan andan batil olar. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimlərinə göstəriş verilib ki, yalnız nikah şəhadətnaməsi əsasında dini kəbin oxunsun. Bu cür insanların kəbinlərini din xadimləri yox, təsadüfi insanlar oxuyur”.

Hacı Şahin dinin həmin tərəflərə buyurduğu cəzanı da açıqlayıb:

"Dini baxımdan evli qadınla zina edən şəxs üçün hətta ölüm cəzası da nəzərdə tutulub. Əmi və qardaş qızının dini kəbinini  bağlayan molla isə bu zinaya vəsilə olduğu üçün günahkardır”.

Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bu məsələnin hüquqi tərəflərini açıqlayıb. O bildirib ki, Azərbaycan qanunvericiliyinə görə ikiarvadlılğa yol verilmir.

"Əgər  şəxs qızı qaçırdıb və bu onun iradəsinə zidd olubsa,  şübhəsiz ki, bu adam oğurluğu hesab olunur və ağır cinayət sayılır.  Eyni zamanda cinayət məsuliyyətinə cəlb olunmalıdır. Digər tərəfdən əminin qardaşı qızını qaçırması bizim əxlaq və adət-ənənlərimizə  zidd olan bir məsələdir. Bu, bəraət qazandırıla biləcək məsələ deyil, mənəviyyatsızlıqdır. Dəyərlərin nə dərəcədə aşındığını göstərir. Məsələyə hüquqi nöqteyi nəzərdən yanaşsaq, birincisi, burda sırf adam oğurluğu mövcuddur. Xüsusilə, söhbət əminin qardaşı qızını qaçırmasından gedirsə, bu artıq atanın övladına təcavüzü hesab oluna bilər. Lakin qız yetkinlik yaşına çatıb və öz istəyi ilə qaçıbsa, burda hər hansı cinayət tədbir məsələləri görünmür. Azərbaycanda ailə, yaxın qohumlarla nigaha girməyi qadağa edən,  buna görə məsuliyyət nəzərdə tutan qanun  və tövsiyə edici normalar yoxdur.  Sosial nöqteyi nəzərdən, əxlaq baxımından isə bu, hər iki şəxs üçün  biabırçılıqdır. Eyni zamanda Azərbaycan qanunvericiliyinə görə ikiarvadlılğa yol verilmir”.

Xatırladaq ki, Xəzər TV-nin dünən yaydığı məlumata görə, 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb, onunla dini kəbin kəsdirib. Məlumata görə, qoşulub qaçan qadın da evli olub, 2 uşaq anasıdır.