Xankəndinin işğalından 25 il ötür

28-12-2016, 09:26
461

Xankəndinin işğalından 25 il ötürAzərbaycanın Xankəndi şəhərinin və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 25 il ötür. Xankəndi 28 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və orada separatçı rejim yaradılıb. Məhz həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatıb.

Tarixi sənədlərə görə Xankəndi şəhəri XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının xanların istirahəti üçün yaşayış məskəni kimi salınıb.  Elə şəhərin adı buradan yaranıb. 1813-ci ilədək bircə nəfər erməninin də yaşamadığı Xandəndində sonralar çar Rusiyası tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bura İrandan köçürülən ermənilər yerləşdirilib.
SSRİ dövründə Xankəndində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılıb. 1923-cü ildə Rusiya İmperiyasının siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Bundan sonra vilayətin erməniləşdirilməsi siyasəti aktivləşib. 6 oktyabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilərək Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilib. Beləliklə də Xankəndi erməni işğalı altına düşüb.
Qeyd edək ki, Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3 nəfər qadın, 2 nəfər isə azyaşlı uşaq olub.

   //Modern.az