Hər 10 sakinindən biri şəhid olan kənd

17-02-2016, 12:25
376

Hər 10 sakinindən biri şəhid olan kəndBu gün Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 24 il ötür.

1989-cu ilin ortalarından başlayaraq ermənilərin Qaradağlı kəndinə qarşı təxribatları getdikcə daha da gücləndi. Həmin il oktyabr ayının 12-də bir dəstə erməni qulduru kəndin yaxınlığındakı mal fermasına basqın edərək mal-qaranı ələ keçirib, ferma binasını və ot tayalarını yandıriblar. Kəndin müdafiəçilərindən Ədalət Məmmədov, Faiq Tağıyev, Qərib Mustafayev, Nazim Vəliyev özünü hadisə yerinə yetirərək çətinliklə də olsa quldurları geri oturda biliblər.

1989-cu ilin dekabrında kənd əhalisini vahiməyə salmaq və onları qaçmağa məcbur etmək üçün ermənilər hər axşam yanacaqla dolu alovlanan çəlləkləri ətraf dağlardan aşağı buraxmağa başlamışdılar. Müdafiəçilərin gördükləri tədbirlər nəticəsində ermənilərin bu vəhşiliklərinin də qarşısı alındı.

1990-cı il yanvarın 15-də 20 nəfərə qədər silahlı erməni Qaradağlıya yaxınlaşıb kəndin kənarındakı evləri atəşə tutublar. Özünü hadisə yerinə çatdıran müdafiəçilər ilk açıq silahlı döyüşə girərək düşməni geri oturtmuşdular. Erməni quldurları 10 aprel 1990-cı il tarixdə yenidən kənddə hücum etmişdilər. Atışma zamanı kənd sakini İlqar Əliyev ağır yaralanmışdı.


Erməni hərbi birləşmələri Rusiya silahlı qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib.

İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.

Bu soyqırımı ikinci Xocalı da adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 80 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilib.

Ümumilikdə Qaradağlı soyqırımında Qaradağlı kəndi 117 övladını itirir, onlarla insan girov götürülür. Ermənilər ölənləri silos quyularına doldururlar, girovlara dəhşətli işgəncələr verirlər. Girovların əksəriyyəti geri alınsa da çoxunun taleyi hələ də məlum deyil.

Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

   //ANS Press