İstanbulda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı fotosərgi təşkil olunub-FOTOLAR

23-02-2022, 21:46
92

BUGUNBİLDİM.COM



Fevralın 23-də İstanbulun Aydın Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı fotosərgi təşkil olunub.

Tədbir "İslahatçı Gənclər" İctimai Birliyi və Aydın Universitetinin rəhbərliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Sərgidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımını özündə əks etdirən fotolar nümayiş olunub.

Tədbirdə çıxış edən "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı, 30 il əvvəl Xocalıda törədilən soyqırımı barədə iştirakçılara məlumat verib, bu qətliama dünya ictimaiyyəti tərəfindən hələ də lazımi hüquqi və siyasi qiymətin verilmədiyini deyib.

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən fotosərginin əsas məqsədinin Türkiyə ictimaiyyətinin, eləcə də gənclərinin diqqətini erməni vandallarının Azərbaycana qarşı törətdikləri insanlıq cinayətinə bir daha çəkmək olduğunu bildirən F.Şahbazlı deyib: "Təəssüf hissi ilə qeyd etməliyik ki, dünya ictimaiyyəti Xocalı soyqırımına hələ də lazımi hüquqi və siyasi qiyməti verməyib. Lakin buna baxmayaraq, bu gün biz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsinin qalib tərəfinin vətəndaşları kimi bu soyqırımı anırıq. Əminik ki, bu şanlı Qələbə Vətənimizin ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan bacı və qardaşlarımızın ruhunu şad edir".

Tədbir zamanı bu ali təhsil müəssisəsinin tələbələrinə və tədbir iştirakçılarına Xocalı soyqırımını özündə əks etdirən türk və ingilis dillərində bukletlər, eləcə də üzərində "Xocalıya ədalət!" yazısı olan yaxa sancaqları təqdim edilib.

Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulluğunun əməkdaşları, İctimai Birliyin üzvləri, Aydın Universitetinin tələbə-müəllim heyəti, türkiyəli və azərbaycanlı gənclər iştirak ediblər.


//AzərTAc